Bakıda yağış yağacaq, temperatur 32 dərəcəyə qədər artacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 18-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 18-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, mayın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
1news.az