Vergilər Nazirliyi: "Bəzi iri supermarketlər dövriyyəsini 40 dəfədən aşağı göstərir"
"Bu gün bəzi ticarət obyektləri, əsasən supermarketlər vergi orqanlarında real ticarət dövriyyələrini gizlədirlər".
1news.az xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.
"2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15, hətta 40 dəfə aşağı göstərənlər var.
ƏDV istehlak vergisidir. Bunun iri supermarket şəbəkələrinə aidiyyatı var. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar. Bizə misal çəkirlər. Bəzi ölkələrdə kənd təsərrüfatı məhsullarına ƏDV tətbiq olunmur. Bu, çox diletant yanaşmadır. Axı həmin ölkələrdə kənd təsərrüfatında güzəştlər yoxdur", - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.
1news.az