Mehriban Əliyeva: “Bir dəfə səhv edən şəxslərin bağışlanmağa haqqı var”
Məlum olduğu kimi, bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi yekdilliklə qəbul edilib.
1news.az-ın məlumatına görə, M.Əliyeva iclasda çıxış edərək deyib ki, 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib.
Belə ki, 8 may 2007-ci ildə 9877, 17 mart 2009-cu ildə 9564, 7 may 2013-cü ildə isə 10 040 məhbus amnistiya aktından yararlanıb.
Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarına minnətdarlıq edən M.Əliyeva bildirib ki, bir dəfə səhv edən şəxslərin bağışlanmağa haqqı var.
“Biz onlara bu şansı verməliyik. Ümid edirəm ki, amnistiyaya düşən şəxslər cəmiyyətin layiqli vətəndaşları olacaqlar”- deyə, M.Əliyeva qeyd edib.
Qeyd edək ki, sənədə görə, 10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.
1news.az