Mərkəzi Bankla “MasterCard” arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Mərkəzi Bankın sədri Elman Rüstəmov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının baş müşaviri və franşiza üzrə rəhbəri Timoti Mörfinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bankdan 1news.az-a verilən məlumata görə, görüş zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.
Mərkəzi Bankın sədri E.Rüstəmov “MasterCard”ın Mərkəzi Bank ilə əməkdaşlığı çərçivəsində ölkədə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini bildirib. O, Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Belə ki, cari ildə Mərkəzi Bank tərəfindən ölkədaxili pərakəndə ödənişlərin effektiv emalının təmin edilməsi üçün “Banklararası Kart Mərkəzi” yaradılmış və istismara verilib. Layihənin icrası ilə ölkədə fəaliyyət göstərən prosessinq təşkilatlarının infrastrukturları əlaqələndirilib.
Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən nağdsız hesablaşmaların artırılması sahəsində prioritet istiqamət olaraq elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyeklərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi müəyyən edilib.
Görüşdə T.Mörfi təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirərək bu əlaqələrin bu gün də çox uğurla davam etdirilməsində Mərkəzi Banka öz təşəkkürünü bildirib. O, nağdsız ödənişlərin inkişafının “MasterCard” təşkilatının bütün dünya ölkələri üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə “MasterCard” ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Eyni zamanda T.Mörfi “MasterCard” təşkilatının Azərbaycanda inkişaf tempinin gələcəkdə də saxlanılacağına inamlı olduğunu bildirərək, Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd edib. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdickə artacağına əminliyini ifadə edib.
Ölkəmizdə nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edərək, T.Mörfi Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirib.
Görüşdə həmçinin, Mərkəzi Bank ilə “MasterCard” arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunub.
1news.az