Missiya rəhbəri: “BVF Azərbaycanda bank sektorunun sağlamlaşdırılması işini yüksək qiymətləndirir”
“Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda bank sektorunun koordinal olaraq sağlanmaşdırılması işini yüksək qiymətləndirir”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının rəhbəri Rüfət Aslanlı ilə görüş zamanı BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl-Qorçi bəyan edib.
R.Aslanlı görüş əsnasında Azərbaycanla BVF-nin əməkdaşlığının yüksək əhəmiyyətini vurğulayıb. O, həmçinin BVF-nin ölkənin bank sektorunun maliyyə inkişafının dəstəyini də yüksək qiymətləndirib.
MBNP rəhbəri Fond nümayəndələrini Azərbaycandakı maliyyə bazarlarına nəzarətlə əlaqədar Palatanın funksional fəaliyyətinin təmini ilə bağlı təşkilati, institutsional və sair işlərlə bağlı məlumatlandırıb.
Bundan əlavə, R.Aslanlı BVF-nin missiya rəhbərinə hazıki vəziyyət, Azərbaycanın bank-maliyyə sektorundakı problemlər və çağırışlarla bağlı məlumat verib, eyni zamanda problemlərin aradan qaldırılması tədbirlərindən bəhs edib.
Tərəflər maliyyə sahəsində potensial əməkdaşlıq, ölkəyə texniki köməyin göstərilməsi və gələcək birgə fəaliyyəti müzakirə ediblər.
Xatırladaq ki, cari ilin fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.
Müəyyən edilıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:
İşçi qrupunun rəhbəri: Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri; İşçi qrupunun üzvləri: Asim Məmmədov - “Xalq Bank” ASC-nin sədri; Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri; Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri; Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru; Zəka Mirzəyev - Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.
İşçi qrupuna tapşırılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etmək həvalə olunub.
1news.az