Dövlət Gömrük Komitəsinin sədri Qobustan şəhərində vətəndaşları qəbul edib
Mayın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qobustan şəhərinin Gənclər Evində vətəndaşları qəbul edib.
1news.az-ın məlumatına görə, qəbulda bölgədə yerləşən - Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
1news.az