Beynəlxalq Valyuta Fondu Azərbaycanda aparılan islahatları dəstəkləyir
İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BVF arasında əməkdaşlıq, yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması və digər sahələrdə aparılan islahatlar, ölkə iqtisadiyyatının prioritetləri barədə müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb, son zamanlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahədə yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb. Həmçinin gömrük prosedurları sadələşdirilib, Apellyasiya Şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər görülüb. Belə tədbirlər davamlı olacaq.
Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən BVF ilə əməkdaşlığa önəm verdiyini qeyd edən nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlarda, makroiqtisadi sabitliyin qorunması, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində beynəlxalq maliyyə qurumlarının da rolunun olduğunu bildirib.
Məhəmməd əl-Qorçi Azərbaycanda iqtisadi sahədə aparılan çevik islahatlar barədə fikirlərini bildirib, Fondun bu addımları dəstəklədiyini vurğulayıb. Qeyd edilib ki, hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Görüşdə cari ilin gözlənilən makroiqtisadi göstəriciləri barədə fikir mübadiləsi aparılıb.
1news.az