Mübariz Əhmədoğlu: Ermənistanın Rusiyaya strateji müttəfiqlik təklif etməsinin yeganə məqsədi qonşularını cəzalandırmaq idi
“SSRİ dağılan ərəfədə ermənilərin davranışını tədqiq edənlər Ermənistanın Rusiyaya strateji müttəfiqlik təklif etməsinin səbəb və məqsədini çox gözəl bilirlər. SSRİ-nin dağılmasında ermənilərin iştirakı rəsmən təsdiq olunmuş faktdır”.
Bu sözləri 1news.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan prezidenti S.Sərkisyan “Moskovski Komsomolets” qəzetinə verdiyi müsahibədə ermənilərin SSRİ-nin dağılmasında iştirakını etiraf etdi:
“ABŞ erməniləri Moskvadakı ermənilərlə birlikdə Dağlıq Qarabağ problemini yaratdılar. ABŞ Konqesinin 1989-cu ilin iyul və noyabr qətnamələri SSRİ hökumətini “Qarabağ komitəsini” bərabər tərəf kimi tanımağı tələb edirdi. Sovet ordusunun qovulmağa başladığı ilk ittifaq respublikası Ermənistan idi.
“Rus İvanı, çemodanını yığışdır” şüarı SSRİ-də ilk dəfə Ermənistanın Teatr meydanında SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il iclasından sonra səsləndi. DQMV-nin Ermənistana birləşməsinə icazə verməyən iclasdan dərhal sonra ermənilər bu şüarla etiraz aksiyası keçirdilər. Sonradan bu, qeyri-bəşəri şüar digər respublikalara da yayıldı”.
Politoloqun fikrincə, Sovet İttifaqı ərazisində “Rus qaçqınları” anlayışı da ilk Ermənistan SSR-də yarandı:
“Ermənistan Baltikyanı dövlətlərlə təxminən eyni vaxtda SSRİ-nin tərkibindən çıxmasını elan etdi. Ermənistan 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması haqqında referendumu boykot etdi. Ermənistanın bu əməlləri SSRİ dağıldıqdan az sonra onu mürəkkəb problemlərlə üz-üzə qoydu. Əvvəla, başa düşdü ki, işğal etdiyi Azərbaycan torpaqlarını özündə saxlaya bilməyəcək.
İkincisi, 4 qonşusunun 4-nə də qarşı tarixi ərazi iddiaları Ermənistan dövlətçiliyinin mövcudluğuna ciddi təhlükə yaradacaqdır. Bu iki məsələni həll etmək üçün Ermənistan antirusiyaçılığını dayandırdı və Rusiyaya strateji müttəfiqlik təklif etdi. Qovduğu 7-ci ordunu geri qaytarmağı xahiş etdi. O zaman Azərbaycan qoşunları Xankəndini (Stepanekert) demək olar ki mühasirəyə almışdılar.
Ermənistan Rusiyanın hərbi bazasını yerləşdirməklə əksəriyyəti Cənubi Qafqaz siyasətində obıvatel olan rus siyasətçilərini yenidən özünə tərəf çəkdi. Hətta ABŞ-ın antirusiya planlarını rusiyalı hərbçilər və siyasətçilər vasitəsilə reallaşdırdı. Nəticədə, Azərbaycan xalqı ABŞ-dan deyil, Rusiyadan narazı qaldı. Ermənistan-Rusiya strateji əməkdaşlığının nəticəsi Rusiyanın Azərbaycan, Gürcüstan, Türkiyə və İranla normal münasibət qura bilməməsidir. Ermənilər Rusiyanın Qafqaz regionunda və digər yaxın ərazilərdə siyasətini monopoliyaya almışdılar. Bu gün Rusiya-Gürcüstan və Rusiya-İran münasibətləri şübhəli perspektivlərə malikdir. Rusiyanın Azərbaycanla münasibətləri çox yüksək səviyyədədir. Türkiyə-Rusiya münasibətlərindəki müvəqqəti gərginliyin aradan qaldırılacağına tam əminik. Beləliklə, Ermənistan Rusiyanı strateji müttəfiq edərkən qarşısına qoyduğu məqsədə nail ola bilmədi. Ona görə hələ 2000-ci illərdən Ermənistan yenidən ikibaşlı oyunlara başladı.
ABŞ-ın Ermənistandakı səfirliyinin binası ərazisinə görə Dünyada ikincidir və hərbi baza funksiyasını yerinə yetirə bilər. Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının ən qızğın təşəbbüskarı Ermənistan prezidenti S.Sərkisyan idi. Çərkəz soyqırımı mövzusunu aktuallaşdıran da Serj Sərkisyandır. Ən nəhayət erməni faşist ideologiyasının və antirusiyaçılığının banisi, Hitlerin dostu Qaregin Njdenin I Pyotrun heykəlinə bənzər heykəlinin Yerevanda qoyulması ermənilərin öz rollarında olduğunu göstərir”.
M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, Ermənistan yalnız Osmanlı imperiyası dövründə Rusiyaya xidmət edib. O da alayarımçıq:
“Qalan bütün dövrlərdə ermənilər ruslara xəyanət ediblər. Xəyanət edə-edə ermənilər uğur qazanıblar. Bütün qalan dünyada cəmi bir nəfər milyarderi olan ermənilərin təkcə Rusiyada 6 milyarderi var. Rusiyadan kənar dünyada cəmi 1 generalı olan ermənilərin Rusiyada 60 marşal və generalı var. Ermənilərin məhz Rusiya mühitində “bacarıqlı” olmasının səbəbləri araşdırılmalıdır.
Amma ondan daha vacib ermənilərin rus xalqına, Rus dövlətçiliyinə və rus pravoslav kilsəsinə qarşı xəyanətləri araşdırılmalıdır. Ermənistan prezidentinin 2-3 dəfə Rusiya prezidentini inkar etməsinin və rus siyasətçilərinin bu inkara münasibət bildirməməsinin səbəbi araşdırilmalıdır. Ermənistanın strateji müttəfiq hesab etdiyi Rusiyayanın başına açdıqlarını Azərbaycan, ABŞ, Türkiyə, İran, Gürcüstanda bilirlər. Həm də nəzərə alırlar”.
1news.az