Azərbaycan diasporu Angela Merkelin ofisi qarşısında aksiya keçirib – FOTO
İyun ayının 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib.
1news.az-ın məlumatına görə, aksiya Berlin Azərbaycan Evi, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.
Aksiyanın əsas məqsədi Azərbaycan Prezidentinin ölkənin ərazi bütövlüyünün bərpasına istiqmətlənmiş siyasətinə Almaniyada yaşayan azərbaycanlıların dəstəyini ifadə etmək, ATƏT-in sədri kimi Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmasını tələb etmək, Ermənistanın təcavüzkar siyasətinin bölgədə sülhə və təhlükəsizliyə təhdid olduğunu Amaniyanın rəsmi dairələrinin diqqətinə bir daha çatdırmaq olub.
Federal kansler Angela Merkelin ofisi qarşısında keçirilən aksiyada 200-dən çox həmvətənimiz iştirak edib. Aksiyada “Dünya Azərbaycanlıları sizi dəstəkləyir cənab Prezident!”, “Ermənistan əlini Qarabağdan çək!”, “BMT-nin qətnamələri yerinə yetirilməlidir”, “Təcavazkarlığa son!”, “Metsamor region üçün təhlükədir!”, “Xanım Merkel, biz Almaniyaya və ATƏT-ə inanırıq!” şüarları səsləndirilib.
Aksiya iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edib.
Aksiya iştirakçıları Almaniyanı münaqişənin həlli prosesində obyektiv mövqe tutmağa çağıraraq, Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasətinə dəstək ifadə ediblər.
1news.az