Qərbin aparıcı dövlətləri Azərbaycanı seçir – FOTO
Məlum olduğu kimi, 6-7 iyun tarixlərində Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərdə olub.
Səfər çərçivəsində Azərbaycan Prezidenti kansler Angela Merkellə, Almaniya siyasi və biznes elitasına daxil olan mühüm şəxslərlə görüşlər keçirib, Azərbaycan-Almaniya İqtisadi Forumunun işində iştirak edib.
Görüşlərdə ölkəmizin təşəbbüsü ilə reallaşan nəqliyyat dəhlizləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, yoxsulluğun azaldılması və multikulturalizmin təbliği istiqamətində Azərbaycan təcrübəsi, Azərbaycan–Avropa İttifaqı, o cümlədən Azərbaycan-Almaniya əlaqələri, Azərbaycan haqda müzakirələr aparılıb.
Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib,” Cənub Qaz Dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, eləcə də Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib.
Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib.
Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlar təqdir edilib.
Almaniyaya baş tutmuş səfər ərəfəsində Bakda keçirilən XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgisinə göndərdiyi təbrik məktubunda ABŞ prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd edib, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu bildirib.
B.Obama Azərbaycan Prezidentinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi, şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyini gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini deyib. O qeyd edib ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron isə təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını bildirib. Kemeron qeyd edib ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O, həmçinin “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu vurğulayıb.
Kemeron “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib, mayın 17-də Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimini “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi qiymətləndirib.
Göründüyü kimi, Qərbin dörd əsas ölkəsindən üçü- ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilir. Dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl siyasəti də xüsusi vurğulanır. Onun sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyini gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımların dəstəkləndiyini qeyd edilir. Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələrini isə əlavə şərh etməyə lüzum görmürük.
Beləliklə də, Azərbaycan iqtidarının ölkə daxilindəki siyasi opponentləri və onların xaricdəki havadarları tərəfindən “Qərblə münasibətlərdəki problemlər haqda” səslənidirilən fikirlərin reallığa söykənmədiyi ortaya çıxır. Səfər ərəfəsində opponentlərin Almaniyanı Azərbaycan qarşısında sərt tələblər qoymağa çağırması, “milli şura”ya yaxınlığı ilə tanınan bir qrup “siyasi mühacirin” səfər zamanı erməni separatçıları ilə birgə etiraz aksiyası keçirməsi isə həmin qüvvələrin sadəcə reallıq hissini itirməsini deyil, həm də antimilli mövqeyə yuvarlanmasını göstərir.
1news.az