Cənubi Qafqazın təhlükəsizliyi: Azərbaycanın “sülhə məcburetmə” formulu kontekstində – Newtimes.az
Müasir mərhələdə qlobal təhlükəsizlik bəşəriyyət üçün əhəmiyyətli bir faktora çevrilib. Geosiyasi nəzəriyyələrdə xüsusi yer verilən bu məsələ ciddi analiz edilir. Hətta onun real olaraq həll ediləcəyinə ümidlər çox azdır. Çünki dünyanın müxtəlif regionlarında elə təhlükəli proseslər vüsət alıb ki, onların qarşısının alınması mexanizmləri səmərə vermir.
Bunun fonunda fərqli tənzimləmə üsulları irəli sürülür. Həmin prosesdə beynəlxalq təşkilatların və milli dövlətlərin rolu haqqında maraqlı fikirlər ifadə edilir. Əsas çətinlik isə bu kimi yeni ideyaların zəif şəkildə tətbiq edilməsindədir. Ancaq region miqyasında həm nəzəri olaraq müasir dövrün tələblərinə uyğun gələn, həm də praktiki tətbiqi tamamilə dinc üsullara söykənən modellər təklif edilir. Cənubi Qafqaz üçün bu keyfiyyətdə Azərbaycanın ''sülhə məcburetmə'' formulu diqqəti çəkir. Bizcə, bu model yeni məzmun çalarlarına malikdir, dinc üsulları nəzərdə tutur və Azərbaycan ranqda olan ölkələr üçün ''ağıllı güc'' anlayışına konkret məzmun verə bilir. Onun tətbiqi nəinki regional, həm də qlobal təhlükəsizlik üçün də ciddi töhfələr verə bilər.
Qlobal geosiyasi nizam: “təhlükə” və “təhdid” anlayışları aspektində
Hazırda bütün dünya ölkələri üçün təhlükəsizlik aktual problemdir. Elə bir dövlət yoxdur ki, tamamilə təhlükəsizliyinə təminat olsun. Bunun bir tərəfi beynəlxalq miqyasda terrorun güclənməsinə bağlıdırsa, digər tərəfi beynəlxalq münasibətlər sistemində müşahidə edilən ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə əlaqəlidir. Xüsusilə böyük dövlətlər arasında gərginliyin daha da artması bütövlükdə dünya sistemini yeni təhlükələrlə üz-üzə qoyur.
Sirr deyil ki, artıq terror dünyanın istənilən ölkəsini vura bilir. Radikal qrupların həm sayı artıb, həm də onların arxasında duran qüvvələrin dairəsi genişlənib. İndi daha çox ''müsəlman terroru'' (?!) ifadəsi işlədilir. Lakin bunun birbaşa müsəlmanlara aid olmadığı da məlumdur. Terror təşkilatları müasir mərhələdə, əsasən, konkret dövlətlərin gizli servisləri tərəfindən idarə edilir. Buraya, ilk növbədə, dünyanın böyük dövlətləri daxildir. Bu səbəbdəndir ki, Uzaq Şərqdən tutmuş Yaxın Şərq və Qərbə qədər geniş bir məkanda terrorla narkotik vasitələrin qanunsuz dövriyyəsi bir-biri ilə sıx şəkildə bağlıdır. ''Əl-Qaidə'', İŞİD, ASALA, ''Boko Haram'' və başqa terror qruplarının arxasında din deyil, dövlətlər dayanırlar. Buna görə də belə təşkilatlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir.
Onlarla mübarizə dolayısı ilə arxalarında duran dairələrlə savaş deməkdir. Bu aspektdə vəziyyət o qədər mürəkkəb və qeyri-müəyyəndir ki, problemi hazırda mövcud olan beynəlxalq təhlükəsizlik prinsipləri vasitəsi ilə həll etmək haradasa imkansız hala gəlib. Şübhə yoxdur ki, beynəlxalq təhlükəsizlik sisteminin ənənəvi problemləri ilə birgə terrorla mübarizənin vahid standartlar çərçivəsində aparılmaması bütövlükdə milli və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Bu kontekstdə müasir dünya üçün, ümumən, ''təhlükə'' anlayışının nəyi ifadə etdiyini izah etməyə ehtiyac vardır.
Elmi ədəbiyyatda təhlükəsizliyə iki yanaşma mövcuddur. Birinci yanaşmada təhlükəsizlik sistemin özünütənzimləmə forması kimi başa düşülür. İkincisi təhlükəsizliyin subyektin fəaliyyəti ilə əlaqəli dərk edilməsini nəzərdə tutur (bax: Баранов Н.А. Международная безопасность и механизмы ее обеспечения // Лекции по курсу "Основы международной безопасности" / ''nicbar.ru'').
Özünütənzimləmə müxtəlif mənfi təsirlər şəraitində dünya sisteminin dayanıqlığını təmin edir. Sistem daxilində onu dayanıqlıqdan çıxarmağa yönəlmiş hər bir prosesə qarşı əks fəaliyyətlər olur ki, sonucda mənfi təsir minimuma enir və beynəlxalq sistem əvvəlki sabitliyini saxlayır. Bunun başqa forması isə sistem daxilində baş verən mənfi və müsbət tendensiyaların yekunda stabil vəziyyət yaratması ilə bağlıdır. Hər iki halda beynəlxalq sistemin öz təbiətindən qaynaqlana bilən və mövcud sabitliyi poza bilən faktorların mövcudluğu qəbul edilir, lakin onlar son nəticədə dünyanın sabitliyini poza bilmir.
Enerji, ehtiyatlar və ekologiya: “sülhə məcburetmə” formulu fonunda
Mütəxəssislər bütün bu faktorları beynəlxalq sistemin müəyyən xassəsi kimi xarakterizə edirlər. Burada hansısa süni təsir minimum səviyyədədir. Lakin müasir mərhələdə bundan xeyli fərqli mənzərə müşahidə edilir. Konkret deyilsə, beynəlxalq təhlükəsizlik sistemi müəyyən maraq, dəyər və fəaliyyətlərdən daha çox asılı vəziyyətə gəlib. Bununla ''təhlükə'' və ''təhdid'' anlayışları yeni məzmun çalarları almış olurlar. Beynəlxalq sistemin mövcudluğu da, uyğun olaraq, təbii faktorlar ilə insan (yaxud kollektiv, dövlət, dövlətlər birliyi və s.) fəaliyyətinin qarşılıqlı əlaqəsi kontekstində nəzərdən keçirilməlidir. Həmin müstəvidə Cənubi Qafqaz regionunun qlobal təhlükəsizlik aspektində geosiyasi özəlliklərinin analizi aktuallıq kəsb edir.
Burada əsas məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il fevralın 3-də Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə aid beynəlxalq konfransda irəli sürdüyü tezislərdə ifadə olunub (bax: Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının ''Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri'' mövzusunda müzakirələrində iştirak etmişdir / AZƏRTAC, 4 fevral 2012).
Dövlət başçısı konfrans çərçivəsində keçirilən və yeni təhlükəsizlik parametrlərinə həsr olunmuş müzakirələrdə iştirak edib. Yeni qlobal təhlükəsizlik parametrləri kimi enerji, ehtiyatlar və ətraf mühit nəzərdə tutulur. Qlobal təhlükəsizliyin digər elementlərini də diqqətə alsaq, ölkə rəhbəri İlham Əliyevin aşağıdakı tezisinin bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin mərkəzi prinsipi kimi qəbul edilməli olduğunu söyləyə bilərik. Dövlət başçısı çıxışında həmin fikri belə ifadə edib: ''Enerji təhlükəsizliyi indi dünyada milli təhlükəsizlik məsələsinə çevrilib'' (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, Cənubi Qafqazın təhlükəsizliyinə qlobal təhlükəsizlik sistemi prizmasından nəzər salsaq, digər parametrlərlə yanaşı, enerji faktoruna da çox ciddi diqqət yetirməliyik. Məhz bu məsələdə enerji məsələsi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilir. Buraya ekologiyanı, ehtiyatları, silahsızlaşma məsələsini, münaqişələrin həllini də əlavə etdikdə, bütövlükdə təhlükəsizlik sisteminin əsas elementlərinin kompleksi yaranır. Bu faktorları ''təhlükə'' və ''təhdid'' qruplarına ayırdıqda, maraqlı mənzərə alınır.
Burada ''təhlükə'' olaraq Ermənistanın region sularını nüvə tullantıları ilə çirkləndirməsini, onun daim silahlanmasını, ''Metsamor'' AES-dən istifadəsini, Azərbaycan ərazilərində hərbi hissələrini saxlamasını göstərmək olar. Həmin faktorlara qarşılıq təhlükəsizliyi təmin edən Azərbaycanın neft-qaz ehtiyatları və ondan dövlətlərin yararlanması, ölkənin enerji ehtiyatlarının yalnız əməkdaşlıq üçün istifadə edilməsi, münaqişənin ədalətli həllinə sadiq qalması amilləri dayanır.
Region üçün ən böyük təhdid isə Ermənistanın təcavüzkar siyasəti, erməni terroru və Dağlıq Qarabağda silahlı qrupların fəaliyyətini davam etdirməsidir.
Bu fikirlər əsasında Cənubi Qafqazın təhlükəsizliyinin qlobal təhlükəsizlik kontekstində əsas məqamlarını müəyyənləşdirə bilərik. Məsələ Cənubi Qafqazın bir geosiyasi sistem olaraq özünütənzimləməyə nail olmasından ibarətdir. Bunun üçün isə yuxarıda vurğuladığımız təhlükə və təhdidlərin mənfi təsirlərini neytrallaşdırıb, regionda sabitliyi təmin edən mexanizmlərin səmərəliliyini artırmaq lazım gəlir. Onların sırasında indiki mərhələdə Ermənistanın sülhə məcbur edilməsi mexanizminin işə salınmasını zəruri hesab edirik. Bu, region üçün yeni bir mexanizmdir. Lakin təcrübə göstərir ki, qlobal təhlükəsizlik kontekstində regionun təhlükəsizliyini təmin etməyin başqa yolu yoxdur.
Həmin üsulun səmərəliliyi aprel müharibəsində açıq hiss edildi. Dərhal rəsmi İrəvan barış yolları axtarmağa başladı. Deməli, bu mexanizmin əsası qoyulub. Bundan sonra əsas təşəbbüs qlobal təhlükəsizlikdə ciddi rol oynayan böyük dövlətlərin təzyiqi faktoru önə çıxmalıdır. Konkret desək, onlar Ermənistanı sülhə məcbur etməlidirlər. Deməli, Azərbaycan region ölkəsi kimi faktiki olaraq təhlükəsizliklə bağlı çoxşaxəli fəaliyyət göstərməklə öz funksiyasını layiqincə yerinə yetirir. Bu zaman enerji faktorundan regional və beynəlxalq əməkdaşlıq üçün sivil üsulla yararlanır. Beləliklə, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan enerji amilindən təhlükə faktoru kimi istifadə etmir.
Həmin kontekstdə rəsmi Bakı İlham Əliyevin yuxarıda gətirdiyimiz tezisinə dəqiq və pozitiv məzmun vermiş olur – enerji təhlükəsizliyi milli təhlükəsizliyin aparıcı elementi olaraq regional əməkdaşlığın istiqamətverici faktoru kimi çıxış edir. Bu, müasir geosiyasi proseslər üçün mühüm məqamdır! Onun nəzəri analizinə ciddi ehtiyac vardır. Çünki geosiyasi təhlükəsizliyi real müstəvidə təmin etmənin dəqiq prinsipi kimi XXI əsrin ruhuna tam uyğundur.
Beləliklə, qlobal təhlükəsizlik kontekstində regional təhlükəsizlik sisteminin formalaşmasında ''sülhə məcburetmə'' prinsipinin Azərbaycan formulunun mühüm bir özəlliyi vardır. Digər analoji modellərdən fərqli olaraq, Azərbaycan aparıcı faktor kimi hərbi gücü deyil, enerji sahəsində real əməkdaşlığı, ekoloji faktoru və ehtiyatlardan qarşı tərəfin təhdidlərini neytrallaşdırmaq üçün istifadə edilməsini daha doğru sayır. Bu, faktiki olaraq, müasir geosiyasətdə ''ağıllı güc'' anlayışına Azərbaycan ranqda olan dövlətlər üçün tam keçərli olan yeni məzmun çalarları vermək deməkdir. Etiraf edək ki, bu məsələ ciddi araşdırmaya ehtiyacı olan başqa mövzudan xəbər verir.