Azərbaycan XİN- i növbəti erməni yalanını ifşa etdi
Ermənistan kütləvi informasiya vasitələrində Moldovanın "TV7" telekanalının çəkiliş qrupunun Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlanması barədə xəbəri Azərbaycanın Moldovadakı səfirliyi nəzarətə götürüb və Moldovanın "TV7" telekanalının rəhbərliyinə müraciət edərək, bu faktı araşdırıb.
Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "Moldovanın "TV7" telekanalının rəhbərliyi Azərbaycanın Moldova Respublikasındakı Səfirliyinə məktubla müraciət edərək, yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib. Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın "TV7" telekanalında efirə getmədiyini bildirərək, müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinq-də yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək, yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib".
H.Hacıyevin sözlərinə görə, məktubda o da qeyd olunur ki, hazırki süjetin müəllifi və artıq "TV7" telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan video link-i onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş Brüsseldə yerləşən "European Friends of Armenia" erməni lobbi və diaspora təşkilatina göndərib: "Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha ən səmimi üzrxahlığını ifadə edib".
H.Hacıyev əlavə edib ki, "European Friends of Armenia" təşkilatı isə Ermənistan KİV-ə ilə birlikdə youtube-da yerləşdirilmiş bu video-nu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb. Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. Youtube videohostinqindən də bu video silinib.
1news.az