Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb
Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılıb.
1news.az-ın məlumatına görə, bu işin təşəbbüskarı, Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib.
Assosiasiyanın qurulması zərurətindən danışan Ə.Məmmədov bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir.
Onun sözlərinə görə, yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspora təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb.
Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləri yaxından iştirak edib.
Son üç ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu, Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirərək, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib.
Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər olduğunu qeyd edən İ.Kazuyasu məhz bu amillərin Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırdığını deyib.
Təşkilatın əhəmiyyətindən bəhs edən digər iş adamı Yoşinobu Kanayama isə bildirib ki, bir çox ölkələrdə biznes və investisiya mühitini araşdırarkən yalnız Azərbaycanda özlərini rahat hiss edibllər. Azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti onları cəlb edib və ölkəmizlə biznes, eləcə də mədəni əlaqələr qurmağa qərar veriblər.
Günəş və külək enerjisinə yatırımları ilə tanınan mütəxəssis Hirokazu Taniguçi yeni diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə, siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Təşkilat rəhbəri Ə.Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsinı planlaşdırır.
1news.az