Gələcək yüksək sürətli maşında gələcək - FOTO
Mobil telefonu Internetsiz təsəvvür edə bilmədiyimiz kimi, yavaş-yavaş interneti də mobil telefonsuz təsəvvür edə bilmirik. Hazırda mobil telefonların və operatorların təqdim etdiyi texnologiyalar bizi stolüstü kompyuterlərdən tamamilə imtina etməyə sövq edir. Hamı rahatlıq axtarır. Bütün ehtiyaclarımızı oturduğumuz yerdən ödəmək istəyirik. Mobil telefon hər zaman yanımızda olduğundan artıq günümüzü idarə edir. Bu gün hətta mobil telefonsuz sevmək də çətindir.
1990-ci ildə Mobil texnologiyanın dirçəlişi zamanı qoşulmanın maksimal sürəti 40 kbit/s ilə ölçülürdüsə, hazırda ortalama sürət 3G ( 3-cü nəsil ) texnologiya sayəsində 15-20 mbp/s-dır . Populyarlaşmağa başlayan 4G ( 4-cu nəsil ) texnologiya ilə isə sürət 300 mbp/s-ə qədər yüksəlmək imkanları verir. Hazırda “Nokia” və “Ericsson” şirkətləri tərəfindən artıq 5G texnlogiyası test edilir, hansı ki, nəticədə mütəxəssislər Mobil İnternetin sürətini 1 GBP/S qədər yüksəltməyə nail olublar.
Maraqlı fakt :
Dünyanın ən yüksək zirvəsi Comolunqmada (digər adı Everestdir) - 8848 m yüksəklikdə sürətli internetdən istifadə imkanı mövcuddur. Məhz bu ərazinin sürətli internetlə təmin olunmasının əsas səbəbi ora qalxan turistlərə Everest dagında sosial şəbəkələrdən istifadə etmək imkanı verməkdir. Zirvəyə çıxan yolun çətinliyini, bu çətin səfərdə bədbəxt hadisələrin statistikasını nəzərə alsaq, o internetdən o qədər də çox adam istifadə edə bilmir.
Cisco şirkətinin statistik məlumatına əsasən, 2014-cü ildə mobil trafikin həcmi 30 eksabayt təşkil edirdisə , 2019-cu il üçün bu göstərici 292 eksbayat-a çatacaq. Qeyd edilən rəqəmi təsəvvür etmək üçün bütün dünya əhalisinin - 7,4 milyard nəfərin il ərzində hər gün İnstagram sosial şəbəkəsində 23 şəkil yükləməsini düşünmək lazımdır. 2014-ci ildə 7,2 milyardın yalnız 59 %-i mobil internet xidmətlərindən istifadə edirdi , 2019-cu il üçün bu gostəricinin 69%-ə qalxması gözlənilir.
İnternet sürətinin artırılması nəyə lazımdır?
Mobil internetin təqdim etdiyi sürət və imkanlar sənayedə, ticarətdə, gündəlik həyatımızda müxtəlif həllər təqdim etməyə imkan verir. Hazırda belə imkanlardan ən mühümü M2M texnologiyasıdır.
M2M – gələcəyə gedən yol!
“M2M – Machine 2 Machine texnologiyası” adından məlum olduğu kimi, iki və ya daha artıq maşın (maşın dedikdə istənilən növ cihaz nəzərdə tutulur) arasında məlumat mübadiləsidir. Texnologiya 1989-cı ildə “Qualcomm” şirkəti tərəfindən “OmniTracs” şirkətinin istəyi ilə yük maşınlarını kontrol etmək üçün təqdim edilərək məşhurlaşıb.
“Berg Insight” şirkətinin araşdırmasına görə, 2011–ci il üçün M2M platformlarının sayı 108 milyonu, 2014-ci ildə isə 200 milyonu aşıb. Bu 200 milyon M2M platformasına 2 mlrd-dan artıq cihaz qoşulub.
İnternet xidmətlərinin daha aktual olduğu və danışıq ilə sms xidmətlərinə tələbatın azaldığı bir vaxtda M2M platforması hər bir operator üçün ən önəmli xidmətlərdən birinə çevrilib.
M2M xidməti əsasən aşağıda qeyd edilən sahələrdə isitfadə olunur:
- Təhlükəsizlik
- Sənaye proseslərin avtomatlaşdırılması
- Logistika
- Pərakəndə satış
- Səhiyyə
- Ağıllı ev
Pərakəndə satışda M2M xidməti sayəsində yetkili şəxs mağazada olan malların sayının azaldığı zaman məlumat alır. Logistikada nəqliyyatı və onun daşıdığı yükü kontrol etmək imkanı verir. Ağıllı ev sms ilə mənzildə olan cihazları yandırıb-söndürmək ( çaydan, istilik sistemi, yeməyin qızdırılması, qaz, su və s.) imkanı yaradır. M2M Təhlükəsizlik sistemi ilə övladınızın nə zaman məktəbdən qayıtdığını, kənar şəxslərin evə daxil olmaq cəhdlərini öncədən təyin edərək polisə məlumat verilməsi kimi imkanlara maliksiz.
M2M xidmətində istifadə olunan sim kartlar adi sim kartlardan fərqlənir, belə ki , bu kartlar -60 - +60 dərəcə temperaturda işləmək potensialına malikdir. Bu da zavod və fabriklərdə olan sayğaclar üçün çox əverişlidir.
Dünyada M2M platformasının tətbiqində “China Mobile” şirkəti qabaqcıl yerlərdən birini tutur. “China Mobile” dünyada ilk şirkətdir ki, 2013-ci ildə m2m müştəri bazasının 55 milyonu aşmasına nail olmuşdur (2013-cü ildə ümumi m2m müştəri sayı 189 milyon təşkil edirdi). 2014-cü ilin nəticələrinə əsasən 187 ölkədə 428 operator tərəfindən 242 milyon m2m qoşulma qeydə alınmışdır. Ən geniş M2M xidməti “China Mobile” tərəfindən online kamera izləməsi üçün istifadə olunur.
Hal-hazırda “China Mobile” M2M xidməti üzərindən 800.000 min kamera qoşulmasını təmin edib. Nəticə olaraq M2M xidmətləri sayəsində “China Mobile” operatorunun gəliri 336 milyonu ABŞ dolları artıb.
Yerli M2M-imiz
M2M xidməti təxmin etdiyiniz kimi, mobil operatorlar tərəfindən istifadəyə verilir. Hazırda “Azercell” şirkəti geniş spektrli M2M xidməti təklif etməkdədir. M2M sistemi alıcıları arasında SOCAR, Azericard, Millikart, Topaz və s. kimi böyük şirkətlər, həmçinin dövlət strukturları geniş yer tutur. Hazırda “Azercell” tərəfindən sadəcə kartlar təqdim olunur, M2M cihazları təmin edilmir. Lakin beynəlxalq təcrübədə M2M kartları təqdim edən mobil operatorlar onun cihazlarının da əsas təchizatçılarıdır. Hazırda xırda şirkətlər belə gündəlik görülən işləri avtomatlaşdırmaq məqsədi ilə M2M platformasına keçir.
M2M maşınların peşəkar dialoqudur. Bankomatları, posterminalları, nəqliyyatın intellektual idarəetmə, əyləncə sistemlərini yada salsaq proses haqqında müəyyən təsəvvürümüz olacaq.
Ən yaxın gələcək maşınların bir-biri ilə daha çox ünsiyyətə girəcəyi və əməkdaşlıq edəcəyi dövrdür. Rutin işləri ağıllı maşınlara gördürməklə bəşəriyyət insanlararası münasibətlərin həllinə daha çox vaxt ayıra, beynəlxalq sülhə nail ola bilər.
Asif İbrahimov