Azərbaycanla Belarus arasında sərhəd təhlükəsizliyi və miqrasiya proseslərinin idarə edilməsi müzakirə edilib
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 17 – 19 iyul tarixlərində Belarus Respublikasında rəsmi səfərdə olub.
1news.az-ın məlumatına görə, Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri Leonid Maltsevin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində DSX nümayəndələri Belarusun Dövlət Sərhəd Komitəsinin strukturu, fəaliyyət sahələri, sərhəd mühafizəsinin təmin edilməsi üzrə müsbət təcrübəsi ilə tanış olub, habelə Azərbaycan və Belarus sərhəd xidmətləri arasında sərhəd təhlükəsizliyi, miqrasiya proseslərinin idarə edilməsi, buraxılış məntəqələrinin və kinoloji mərkəzlərin fəaliyyəti üzrə təcrübə mübadiləsinin davam etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində beynəlxalq layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və maraq kəsb edən digər məsələlər üzrə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Sərhəd Xidmətinin İnstitutu və sərhəd dəstəsi, kinoloji mərkəzi, sərhəd təhlükəsizliyi üzrə müasir avadanlıqlar istehsal edən bir sıra müəssisələrin imkanları ilə tanış olub.
Səfər zamanı DSX nümayəndələri Belarusun görməli yerləri və tarixi abidələri, o cümlədən “Xatın” memorial kompleksinə səfər edib, II Dünya Müharibəsində Belarusun faşistlərdən azad olunması uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş azərbaycanlıların xatirəsi yad edilib.
1news.az