Türkmənistan prezidenti Şirvanda baş vermiş partlayışla bağlı İlham Əliyevə başsağlığı verib
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycan prezidenti İlham Əliyevə Şirvan şəhərində yerləşən, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən partlayışla əlaqədar başsağlığı verib.
1news.az-ın ca-news.org saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Türkmənistan dövlət başçısı özü, hökuməti və türkmən xalqı adından ölənlərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralıların isə tezliklə şəfa tapmasını dilədiyi qeyd edilib.
Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş verən partlayış nəticəsində 24 nəfər xəsarət alıb, 2 nəfər həlak olub.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mövzu ilə əlaqədar oxuyun:
Şirvanda baş vermiş partlayışla bağlı cinayət işi açılıb
Müdafiə Nazirliyi: Şirvandakı hadisə zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb
1news.az