Bakıda “Avropa Şəhərciyi 2016” festivalı keçiriləcək
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə oktyabrın 1-də “Avropa Şəhərciyi 2016” festivalı keçirəcəkdir.
1news.az xəbər verir ki, bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri - Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər.
Tədbirlərdən biri 2013-cü ildən etibarən ardıcıl olaraq İçəri Şəhərdə keçirilən “Avropa Şəhərciyi” tədbiridir.
“Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.
Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaq. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir!
Festival Avropadan dəvət olunmuş estrada ulduzunun möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.
1news.az