İlham Əliyev: “Vladimir Putinin Azərbaycana son səfəri uğurlu keçib” - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, İ.Əliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib.
Prezident vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunmuşdu.
İlham Əliyev deyib ki, bu yaxınlarda Rusiyada keçirilən Beynəlxalq Ordu Oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Azərbaycan Prezidenti Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən Beynəlxalq Hərbi Oyunlarda fəal iştirakını məmnunluqla qeyd edib.
1news.az