“Azəri-Çıraq-dərinsulu Günəşli” layihəsi üzrə neft hasilatı 3 milyard barrelə çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəri-Çıraq-dərinsulu Günəşli” layihəsi üzrə neft hasilatı 3 milyard barrelə çatıb

15:40 - 16 / 08 / 2016
“Azəri-Çıraq-dərinsulu Günəşli” layihəsi üzrə neft hasilatı 3 milyard barrelə çatıb

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) neft-qaz yatağında 1997-ci ildə “Çıraq” platformasında hasilata başlandığı müddətdən indiyədək əldə olunan hasilat həcmi 3 milyard barrelə çatıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell buna münasibət bildirərək deyib: “Bu, həm BP, həm də Azərbaycan üçün əlamətdar bir hadisədir. Bu, cəlb edilmiş bütün insanların və heyətlərin əməyi sayəsində gerçəkləşib. Bunun reallaşmasında əməyi olan hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm”.

AÇG yatağı altı hasilat platformasından (“Çıraq 1”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”) və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

AGT-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov “Mərkəzi Azəri” platformasından ilk neftin hasil olunduğu günləri xatırlayaraq deyir: “Yadımdadır 10 il bundan əvvəl “Mərkəzi Azəri”də ilk neft hasilatı üzrə açılış mərasimində mən nəzarət-ölçü cihazları üzrə texnik qismində siyirtməni açdım. Hazırda hasilat üzrə vitse-prezident olaraq 3 milyard barrel hasilat həcminə nail olunduğunu görmək mənim üçün qürurvericidir. Bu həqiqətən də möhtəşəm bir nailiyyətdir və bütün əməyi olan insanların böyük zəhmətinin bəhrəsidir. Şübhəsiz ki, bu hələ son deyil və qarşıda bizi daha möhtəşəm nailiyyətlər gözləyir”.

AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib: İlkin Neft Layihəsi çərçivəsində 1997-ci ildə “Çıraq” platformasında hasilat işlərinə başlanıb. Bunun ardınca Faza 1 üzrə Azəri layihəsi həyata keçirilməyə başlayıb və bu faza ərzində 2005-ci ilin əvvəllərində “Mərkəzi Azəri” platformasında hasilata başlanıb. Faza 2 “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib və həmin platformalardan müvafiq qaydada 2005-ci ilin dekabr ayında və 2006-cı ilin sonlarında hasilata başlanıb. AÇG yatağının işlənməsinin növbəti mərhələsi Faza 3 üzrə “Dərinsulu Günəşli” layihəsi olub və bu faza 2008-ci ilin aprel ayında başlanıb.

“Bu möhtəşəm nailiyyət münasibətilə hər kəsi təbrik edirəm. Təkcə AÇG dünya səviyyəli yataq deyil, onu idarə edən heyət də əməliyyatları təhlükəsiz, etibarlı və xərc baxımından getdikcə daha səmərəli şəkildə həyata keçirən dünya səviyyəli heyətdir. “Çıraq”da ilkin layihə çərçivəsində əldə olunan ilk hasilatdan tutmuş 2014-cü ilin əvvəllərində kompleksdə sonuncu “Qərbi Çıraq” platformasının işə salınmasınadək biz qurğularımızda ardıcıl olaraq son dərəcədə yüksək iş etibarlılığına nail olmuşuq. Bu, Qlobal Quyular Təşkilatındakı və Layların İşlənməsi bölməsindəki həmkarlarımızın yeni quyuların təhvili üzrə əldə etdiyi möhtəşəm göstəricilərlə birlikdə böyük nailiyyətə gətirib çıxarmışdır, yəni 3 milyard barrel neft hasil olunub. Buna görə də, növbəti 3 milyard barreli hədəf götürərək inamla irəliləyə bilərik”, - deyə şirkətin əməliyyatlar üzrə vitse-prezident Toni Hant qeyd edib.

Bu günədək sonuncu mərhələ 2010-cu ildə sanksiyalaşdırılmış “Çıraq” neft layihəsidir. Bu mərhələ çərçivəsində “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında “Qərbi Çıraq” platforması quraşdırılıb. Bu platformada ilk neft 28 yanvar 2014-cü il tarixində hasil olunub.

Geoloji-kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli deyib: “Çox böyük bir nailiyyətdir və bu, imzalanma, qiymətləndirmə, işlənmə və hasilat mərhələlərində möhtəşəm nəticəyə nail olmaq üçün gərgin əməyini və səmərəli səylərini əsirgəməmiş bütün həmkarlarımızı yada salmaq və onlara minnətdarlığımızı bildirmək üçün gözəl bir fürsətdir. Hesab edirəm ki, bu, davamlı olaraq bu cür yüksək göstəriciyə nail olduğumuz bir vaxtda xüsusilə əhəmiyyətlidir. Buna görə də, yalnız bu möhtəşəm nailiyyətə çatmaqda əməyi olan insanları deyil, həm də hasilatın təhlükəsiz və etibarlı şəkildə davam etməsində rol oynayan bütün insanları təbrik edirəm”.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), TPAO (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

1news.az

Paylaş:
955

Son xəbərlər

“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00
Bütün xəbərlər