Rəsul Çunayev bürünc qazandı - YENİLƏNİB
Rəsul Çunayev bürünc uğrunda görüşdə cənubi koreyalı Hansu Ryu ilə güləşib.
1news.az xəbər verir ki, rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.
Bu, güləş millimizin ikinci bürünc medalıdır.
Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.
1news.az
19:27
Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.
İdmançımız rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib.
Məğlubiyyətə baxmayaraq, R.Çunayevin medal qazanmaq şansı qalır. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Güləşçimizin rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
APA
18.15
Rəsul Çunayev 1/8 final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.
Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.
Çunayev kubalı rəqibi Migel Martines Palasioya qalıb gələrək 1/8 finala yüksəlib.
1news.az