SOCAR: Mövsümün sonuna kimi aktiv qaz miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur
Mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 milyard kubmetr təşkil edir
1news.az-a SOCAR-dan verilən xəbərə görə, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin 7 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş texniki müşavirə keçirilib.
Müşavirədə Birliyin Baş direktoru Daşqın İskəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifələrin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə son illər yeraltı qaz anbarlarının yenidən qurulması, genişləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərdən danışmış, qabaqcıl texnologiyaların tətbiqi nəticəsində qazanılan uğurlardan söz açıb.
İdarə rəisi Rövşən Qarayev cari il ərzində görülmüş işlər barəsində hesabat vermiş, hazırda qış mövsümü üçün ehtiyat qazın anbarlara vurulmasının uğurla davam etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1 milyard 555 milyon kubmetr qaz vurulmuş, mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 milyard kubmetr təşkil edir.
İl ərzində 2 yeni quyu qazmadan istismara daxil edilmiş və 26 quyuda əsaslı və cari təmir işləri aparılmışdır. Müşavirədə yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 milyard kubmetrə çatdırılması üçün Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən strateji inkişaf planının hazırlanması qərara alınmışdır. Strateji plana əsasən, yeni quyuların qazılması, qazılacaq quyular üçün sahələrin müəyyən olunması, yerüstü avadanlıqların yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi vacib hesab edilmiş, bu məqsədlə mühüm yenidənqurma və genişləndirmə işlərinin aparılacağı qeyd olunub.
1news.az