Rövnəq Abdullayev Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb - FOTO
Avqustun 23-24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olub.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, səfər çərçivəsində Rövnəq Abdullayev Ankarada TransAnadolu Qaz Boru Kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib. İclasda layihə üzrə 2016-cı ilin birinci yarısında həyata keçirilmiş işlərin yekunu və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. İşlərin gedişi haqqında məlumat dinlənilmiş, bildirilmişdir ki, kəmərin inşası ilə əlaqədar fəaliyyətlər planauyğun surətdə davam etdirilir.
İclasdan sonra SOCAR-ın prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə TANAP, “STAR” neft emalı zavodu, Petkim və Petlim layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir bu layihələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulanıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak SOCAR-ın Türkiyədə ən önəmli investorlardan biri olduğunu nəzərə çatdırıb, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini söyləyib.
SOCAR prezidenti avqustun 24-də İzmirə gedib, şirkətin əsas layihələrinin həyata keçirildiyi Əliağa yarımadasında olub. Əvvəlcə “STAR” neft emalı zavoduna baş çəkən Rövnəq Abdullayev inşaat sahələrini gəzib, görülən işlərlə yerində tanış olub. Şirkət prezidentinə məlumat verib ki, zavodun tikintisi qrafikə uyğun aparılır. Daha sonra Petkimin istehsalat sahələrində və Petlimdə olan Rövnəq Abdullayev işlərin gedişi ilə maraqlanmış, ona məruzə olunmuşdur ki, işlər normal ahəngi ilə davam edir. SOCAR prezidenti “STAR” NEZ, Petkim və Petlimdə tikinti və istismar işlərinin gedişindən razılığını bildirib, konkret məsələlərlə bağlı menecer heyətinə tapşırıqlar verib.
1news.az