“Abşeron” yatağından ilkin qazın hasilatı 2019-cu ildə başlayacaq
2019-cu ilin III və IV rübündə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından ilkin qazın hasilatına başlanacaq.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında SOCAR-ın birini vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağında İşlənmə Proqramı hazırlanır:
“İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub”.
X.Yusifzadə deyib ki, bu ilin sentyabr ayına qədər konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması baş tutacaq:
“Oktyabr ayının sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfində təsdiq edilməsi, noyabrın əvvəlində İşlənmə Proqramının SOCAR-a təqdimatı, gələn il yanvarın sonuna qədər işlənmə proqramının təsdiq edilməsi nəzərdə tutulur. 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı planı üzrə yekun investisiya qərarı veriləcək”.
1news.az