Düyməsiz noutbuklar istehsal edilib
Çinin ən iri kompyuter istehsalçısı “Lenovo” şirkəti Berlində keçirilən “IFA 2016” – Beynəlxalq istehlak elektronikası sərgisində “Moto”nun yeni smartfonlarını, həmçinin noutbukların tam seriyasını ictimaiyyətə təqdim edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, nümayiş olunanlar sırasında qeyri-adi sensor klaviaturalı “Yoga Book” da olub.
“Yoga Book”un sensor paneli toxunuşlara həssasdır. Düymələrin sərhədləri işığın köməyi ilə göstərilib və onu söndürmək, paneldən rəsm çəkmək üçün də istifadə etmək mümkündür.
“Yoga Book”da fiziki düymələrdən imtina qeyri-adi görünsə də, bu, müasirdir. Yeni formata alışmaq asan olsun deyə, klaviatura sensor hissələrin toxunuşuna cavab olaraq mikrovibrasiya şəklində əks əlaqəyə malikdir. Bundan başqa, klaviaturada sözlərin düzgün yazılışı və avtomatik korreksiya funksiyaları da mövcuddur.
“Yoga Book”dan noutbuk, planşet, təqdimatların hazırlanması üçün panel, o cümlədən şəkil çəkmək üçün alət kimi istifadə etmək mümkün olacaq. Bu qurğu 10,1 düymlük ekrana malikdir və onun 4 Gb əməli, 64 Gb daxili yaddaşı var. Noutbukun akkumlyatoru isə 15 saatadək enerji saxlaya bilir.
Qeyd edək ki, “Yoga Book” un yeni versiyası iki cür olacaq: “Android 6.0” əməliyyat sistem ilə işləyən noutbukun qiyməti 499 dollar, “Windows” əsasında işləyən noutbukun qiyməti isə 549 dollar təşkil edəcək. Qurğunun oktyabrda satışa çıxarılacağı gözlənilir.
1news.az