Mərkəzi Bank uçot dərəcəsini 15%-ə qaldırıb
Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və AMB tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.
Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 8 avqust 2016-cı il tarixində verilən qərara əsasən, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırılıb.
1news.az