Xəzər qazının Mərkəzi Avropaya nəql edilməsi üçün qaz kəməri tikintisi barədə saziş imzalanıb
Budapeştdə Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Avropa İttifaqı arasında qaz kəmərinin Rumıniya hissəsinin tikintisi barədə saziş imzalanıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Euronews” agentliyinin “Mərkəzi və Cənubi Avropada beynəlxalq qaz kəməri real cizgilər kəsb edir” adlı materialında məlumat verilir.
Məqsəd - bu ölkələrin qaz nəqli sistemlərini əlaqələndirməkdir ki, Bolqarıstandan və Rumıniyadan keçməklə Avropanın Cənubuna nəql edilən Xəzər qazı Mərkəzi Avropaya çatdırıla bilsin.
İqlim və energetika məsələləri üzrə komissar Migel Kanete deyib:
“Biz şəbəkə yaradırıq. Bu, ənənəvi böyük qaz kəməri yox, kiçik qaz kəmərləri şəbəkəsi olacaq və cənubdan şərqə və qərbə gələn axınları bölüşdürməyə, beləliklə enerji mənbələrini şaxələndirməyə və qiyməti azaltmağa imkan verəcək.
Qaz kəmərinin Rumıniya hissəsinin uzunluğu 550 km, ümumi dəyəri isə təqribən 560 milyon avro olacaq. Layihənin maliyyələşdirilməsində Avropa İttifaqı fəal iştirak edir”.
Rumıniyanın energetika naziri Viktor Vlad Qriqoresku deyib:
“Bu qaz kəməri Avropa İttifaqı tərəfindən ümumi marağın təmin edilməsi mexanizmi deyilən üsulla ciddi maliyyə dəstəyi alıb. Aİ-nin sərmayəsi təxminən 180 milyon avroya bərabərdir. Biz isə 220 milyon avro yatıracağıq. Bu, enerji təhlükəsizliyindən əlavə, həm də ÜDM-i artırmağa və yeni iş yerləri açmağa imkan verəcək”.
Layihə yeni tərəfdaşların qoşulması üçün açıqdır: Budapeştdə Yunanıstan və Ukrayna da niyyət deklarasiyası imzalayıblar.
Xatırladaq ki, bu il iyul ayında Bakıda SOCAR ilə Rumıniyanın “Transgaz” şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, təbii qazın nəqli sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Xəzər dənizi regionundan qaz tədarükü hesabına qaz tranziti və paylanması sahəsində Rumıniyanın potensialından istifadə olunması imkanlarının, habelə ümumi maraq doğuran potensial perspektivlərin araşdırılması, uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya interkonnrektor) layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələlər nəzərdə tutulur.
1news.az