Çavuşoğlu: “ABŞ səfiri Türkiyənin sahibi deyil”
ABŞ səfiri Türkiyənin sahibi deyil və terrorçulara dəstək verən heç bir rəsmi şəxs toxunulmaz deyil.
1news.az-ın Hurriyet Daily News-ə istinadən verdiyi məlumatına əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin son bəyanatını şərh edərkən deyib.
“Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəsi dönəmində bəzi, xüsusən də tərəfdaşlarımız tərəfindən səslənən, bəyanatlar bizi məyus edir”, - deyə o, əlavə edib.
Qeyd edək ki, sentyabrın 11-i ABŞ-ın Türkiyədəki səfirliyinin saytında yerləşdirilən bəyanatda Türkiyənin ölkənin şərqində və cənub-şərqində 24 valisinin vəzifəsindən azad olunması və ən qısa zamanda orada növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar çağırışı ilə bağlı narahatçılıq ifadə olunur.
Türkiyənin XİN-nin rəhbəri ölkəni daxili işlərinə bu cür müdaxilənin qəbuledilməz olduğunu dilə gətirib.
“Biz də bir çox ölkədə baş verən problemlərlə, məsələn ABŞ-da son zamanlar irqçiliyin artması ilə bağlı narahtçılığımızı ifadə edirik. Birləşmiş Ştatlarda polis bir çox insanı qətlə yetirib, lakin mən səfirimizə zəng vuraraq bununla bağlı bəyanat verməsini tələb etmirəm. Biz narahatçılığımızı birbaşa olaraq amerikalı həmkarlarımıza bildirik ki, bu da sadəcə nəzakətdir. Amerikalılar isə düşünürlər ki, istədiyi hər şey barədə fikir ifadə edə bilərlər”, - deyə M.Çavuşoğlu əlavə edib.
Onun sözlərinə görə, əgər ABŞ Türkiyə ilə güclü əlaqələrə sahib olmaq istəyirsə ona bərabərhüquqlu tərəfdar kimi yanaşmalıdır.
“Bura sizin üçün ikincidərcəli ölkə deyil. Sizin səfirlər Türkiyənin sahibi deyillər və öz işlərini lazımı qaydada, Vyana konvensiyası çərçivələrində yerinə yetirməlidirlər”, - deyə diplomat vurğulayıb.
Çavuşoğlu həmçinin növbəti dəfə ABŞ-a Türkiyədə uğursuz dövlət çevrilişi cəhdində günahlandırılan Fətullah Gülənin rəsmi həbsi ilə bağlı müraciət edib.
“Gülən Türkiyə ekstradisiya olunmalıdır ki, məhkəmə qarşısında cavab versin. Bu dövlət çevrilişinə cəhdlə bağlı olan və Türkiyəni tərk edən şəxslərə də şamil edilir”, - deyə o, əlavə edib.
1news.az