Bolqarıstan prezidentini seçdi: İliyana Yotova ölkənin ilk qadın prezidenti olacaq | 1news.az | Xəbərlər
Dünya

Bolqarıstan prezidentini seçdi: İliyana Yotova ölkənin ilk qadın prezidenti olacaq

1news Redaksiyası11:17 - Bu gün
Bolqarıstan prezidentini seçdi: İliyana Yotova ölkənin ilk qadın prezidenti olacaq

Bolqarıstanda keçirilən prezident seçkisində İliyana Yotova qalib gələrək ölkə tarixində prezident seçilən ilk qadın olub.

1news.az xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının (BNT) yaydığı qeyri-rəsmi nəticələrə əsasən, 61 yaşlı Yotova rəqibi Andrey Gyurovu böyük səs fərqi ilə qabaqlayıb.

“Alpha Research” şirkətinin məlumatına görə, Yotova 57,4 faiz, Gyurov isə 39,6 faiz səs toplayıb.

Yotova paytaxt Sofiyada tərəfdarları qarşısında çıxış edərək ona dəstək verən və verməyən bütün vətəndaşlara təşəkkür edib. O, cəmiyyətdəki narahatlıqları anlamaq üçün hərtərəfli təhlil aparacaqlarını bildirib.

Baş nazir Rumen Radev Yotovanı və vitse-prezidentliyə namizəd Kiril Valçevi qələbə münasibətilə təbrik edib. O, Yotovanın ölkənin çətin dövründə üzərinə götürdüyü mühüm vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını vurğulayıb.

İliyana Yotova kimdir?

1964-cü ildə Sofiyada anadan olan Yotova Sofiya Universitetində bolqar filologiyası üzrə təhsil alıb. O, 1990–1997-ci illərdə Bolqarıstan Milli Televiziyasında müxtəlif vəzifələrdə çalışıb, daha sonra Bolqarıstan Sosialist Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib.

2005–2007-ci illərdə deputat olan Yotova 2007–2017-ci illərdə Avropa Parlamentinin üzvü olub. 2017-ci ildə Bolqarıstanın vitse-prezidenti seçilib.

Prezident Rumen Radevin 2026-cı il yanvarın 19-da istefasından sonra yanvarın 23-də dövlət başçısının səlahiyyətlərini icra etməyə başlayıb.

Kiril Valçev kimdir?

1973-cü ildə Sofiyada anadan olan Kiril Valçev Sofiya Universitetinin Hüquq fakültəsini bitirib. Jurnalistika və hüquq sahəsində fəaliyyət göstərən Valçev müxtəlif dövrlərdə “Deutsche Welle” və BBC-də təcrübə keçib.

O, 2005-ci ildən media və əqli mülkiyyət hüququ üzrə ixtisaslaşmış hüquq bürosunun idarəedici tərəfdaşıdır. 2021-ci il yanvarın 27-də Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru seçilib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər