Natiq Əliyev: OPEC siyasi təsir altındadır
"ABŞ-ın yüksək rütbəli şəxsləri də dəfələrlə deyib ki, Rusiya, OPEC və qeyri-OPEC ölkələri hasilatı dondursa, bizim hasilatı artırmaq, dolayısı ilə qiymətlərin artmasının qarşısını almaq imkanımız var".
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu energetika naziri Natiq Əliyev bildirib.
"Neftin qiyməti ilə bağlı spekulyasiyaların okeanın o biri tayından gəlməsi ilə bağlı səslənən fikirlərlə razısınızmı" sualına cavab olaraq nazir bildirib ki, ABŞ-ın hansı məqsədi güddüyünü demək çətindir.
"Bu yaxınlarda Əlcəzairdə OPEC-in növbəti iclası olacaq və geniş müzakirələr aparılacaq. Qəbul olunan istənilən qərar olduqca vacib olacaq. Baxmayaraq ki, bundan öncə hasilatın cari ilin yanvar ayı səviyyəsində doldurulması ilə bağlı razılıq əldə olunmuşdu. Bilirsiniz ki, bazarın əsas oyunçularından olan Səudiyyə Ərəbistanı ilə İranın ciddi fikir ayrılığı var. Maraqlı məqam odur ki, bazarın əsas oyunçuları yanvardan etibarən hasilatı durmadan artırdı. İndi məni bəzi suallar düşündürür: Əlcəzairdəki iclasda nədən danışacağıq? Hasilatı hansı ayın səviyyəsində dondurulmasını təklif edəcəklər? Düzdür, iclasdan öncə yaranmış vəziyyətdən, səslənən bəyanatlardan görünür ki, hansısa konsensusa gəlmək olacaq. Onu da etiraf edirəm ki, bəzi ölkələrin maraqları üst-üstə düşməyə bilər. Məsələn, İran hasilatın səviyyəsini sanksiyadan öncəki səviyyəyə çatdırmaq istəyir. Hansısa ölkənin marağı deyəndə, bunu nəzərdə tuturdum. İran itirdiyi mövqeyi bərpa etmək niyyətindədir. Fikir verin, hətta OPEC-in daxilində maraqlar üst-üstə düşmür", - deyə N. Əliyev qeyd edib.
"Rusiyalı həmkarınız Aleksandr Novakın "OPEC ölü təşkilata çevrilib" fikri ilə razısınızmı?" sualına nazir bu cür cavab verib: "Yox, qətiyyən. Həmkarımın nəyi nəzərdə tutduğunu anlamıram. Ola bilər ki, o OPEC-in qiymətlərə təsir edə bilmədiyi üçün bu fikri səsləndirib. Mənim şəxsi fikrim ondan ibarətdir ki, heç nəyə baxmayaraq OPEC olduqca güclü təşkilatdır. Ola bilər ki, OPEC və ya onun ayrıca üzvləri hansısa siyasi təsir altındadır. OPEC istəsə, neftin qiymətini korrelyasiya edə bilər. Lakin onlara hansısa qərar qəbul olunmazdan öncə bir işarə verilir. Yaxın keçmişdə dəfələrlə bu cür hadisələr olub. Məsələn, qiymətlər düşməyə başlayanda hamı gözləyirdi ki, OPEC kvotanı endirərək qiymətlərə təsir edəcək. Ancaq OPEC keçirdiyi iclaslarda gözləntilərin əskinə olaraq kvotanı artırırdı. Halbuki, bu, OPEC-in üzvü olan bir çox ölkələrin özünə zərər verəcək. OPEC olduqca böyük imkanlara malikdir".
N. Əliyev əlavə edib ki, bazarda baş verən proseslərə baxmayaraq, Azərbaycan yanvar ayından etibarən faktiki olaraq hasilatı dondurub.
Yaxın perspektivdə neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən nazir qeyd edib ki, qiymət hazırda müəyyən olunmuş dəhlizdən kənara çıxmayacaq: "Neftin qiymətinin formalaşmasında bir sıra amillər vacibdir. İlk növbədə söhbət siyasi amillərdə gedir. Lakin indiki şəraitdə bunların altında onlarla subamillər var və onlar barədə biz sizinlə saatlarla danışa bilərik. Neftin qiyməti ilə bağlı proqnoz vermək artıq ən əhəmiyyətsiz işə çevrilib. Fundamental əsaslar, iqtisadi qanunauyğunluq tamamilə pozulub. Yaxın perspektivdə hansı hadisə baş verə bilər ki, qiymət indiki dəhlizdən kənara çıxsın? Mən elə bir hadisəni görmürəm. Reallığı görmək lazımdır".
1news.az