Rövnəq Abdullayev: Azərbaycanın zəngin ənənələrə malik neft-qaz sənayesi bu gün də ölkəmizin inkişafına dəyərli töhfələr verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev: Azərbaycanın zəngin ənənələrə malik neft-qaz sənayesi bu gün də ölkəmizin inkişafına dəyərli töhfələr verir

09:55 - 20 / 09 / 2016
Rövnəq Abdullayev: Azərbaycanın zəngin ənənələrə malik neft-qaz sənayesi bu gün də ölkəmizin inkişafına dəyərli töhfələr verir

“Azərbaycanın zəngin ənənələrə malik neft-qaz sənayesi bu gün də ölkəmizin sosial-iqtisadi inkişafına dəyərli töhfələr verir”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri SOCAR-ın prezidenti             Rövnəq Abdullayev “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində bildirib:

“Bu gün Azərbaycan öz tarixinin davamlı sosial-iqtisadi inkişaf mərhələsindədir. Ölkəmiz ictimai həyatın bütün sahələrində sürətli müasirləşmə dövrünü yaşayır, dünya iqtisadiyyatına inamla inteqrasiya olunur, öz milli maraqlarını uğurla təmin edir. İqtisadiyyat diversifikasiya olunur, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı artır. Azərbaycan artıq iqtisadi qüdrətinə görə bütün dünyada Cənubi Qafqaz regionunun şəriksiz lideri kimi qəbul olunur, tanınır və təqdir edilir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında gerçəkləşdirilən fədakar əməyin real bəhrələridir. Prezidentin dediyi kimi “Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin müqaviləsi ”nın imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi ” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin müqaviləsi ”dır”.

Ən yeni tariximizə dönüş nöqtəsi kimi əbədi həkk olunmuş 1994-cü ilin 20 sentyabrından bizi 22 illik bir zaman ayırır. Amma hadisələrin gedişi göstərir ki, vaxt keçdikcə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti azalmır, əksinə, daha da artır. Azərbaycanın davamlı inkişafının təməl daşını təşkil edən enerji strategiyamız sonrakı illərdə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üçün möhkəm zəmin yaratmışdır. Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. Eyni zamanda SOCAR-ın təsisçilyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Birgə layihələrdə əməkdaşlıq etdiyimiz xarici partnyorlar arasında “BP”, “Total”, “Petronas”, TPAO, “Chevron”, “Statoil”, “LUKoil” və digər dünya miqyaslı şirkətlər vardır. HPBS-lər çərçivəsində 1995-2016-cı illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur. Bu illərdə Azərbaycanın xarici sərmayədarlar üçün cəlbedici ölkəyə çevrilməsi mühüm nailiyyətlərdən biridir. Dövlət başçısı cənab İlham Əliyev “Şahdəniz-2” platformasının dənizə yola salınması mərasimində bununla bağlı demişdir: “Bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır. Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulmuşdur”.

“Əsrin müqaviləsi” çərçivəsində nəhəng karbohidrogen ehtiyatlarına malik “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənilməsi bu gün də Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Layihə üzrə indiyə qədər Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyətə malik böyük uğurlar qazanılmış, ilk neftin çıxarıldığı vaxtdan ölkədə neft hasilatı böyük həcmdə artaraq, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,4 milyon tona çatdırılmış, son illərdə 42-43 milyon ton səviyyəsində stabilləşdirilmişdir. İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 407 milyon ton neft, 124,3 milyard kubmetr qaz hasil edilmişdir. HPBS-nin sonunadək yataqlardan 5 milyard barel neftin çıxarılması planlaşdırılır. Layihənin tammiqyaslı işlənməsi çərçivəsində yeni sərmayə qoyuluşları və neftvermə əmsalının artırılması ilə əlavə 4 milyard barel neftin hasil edilməsi imkanı mövcuddur. Artıq 17 ildir ki, AÇG layihəsi mənfəətlə işləyir, layihə iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Bundan başqa, layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. Yanvar-iyun aylarında AÇG yataqlar blokundan SOCAR-a gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,31 milyard kubmetr səmt qazı verilmişdir.

Yeni neft strategiyası çərçivəsində xarici tərəfdaşlarla birlikdə qazanılan nailiyyətlər haqqında çox danışmaq olar. Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə ikiölçülü və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri aparılmış, nəticələr ümumiləşdirilmiş və modelləşdirilmişdir. Dənizdə və quruda 30-dan artıq sahədə axtarış kəşfiyyat qazması işləri yerinə yetirilmişdir. Ən əsası isə milli neft-qaz mütəxəssislərimiz zəngin təcrübə toplamış, SOCAR müasir standartlara cavab verən, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə malik çevik və modern bir şirkətə çevrilmişdir. Xarici tərəfdaşlarımızla birgə fəaliyyət prosesində qazanılmış texnoloji üstünlüklər şirkətimizin həyata keçirdiyi layihələrdə mühüm rol oynayır.

Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Son 10 il ərzində Azərbaycanda qaz hasilatı 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatmışdır. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. İndiyədək “Şahdəniz” yatağından təxminən 75 milyard kubmetr qaz, 19 milyon ton kondensat hasil olunub. Ötən il 9,9 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat çıxarılıb. İstismar dövrünün başlandığı 2006-cı ildən 2016-cı il avqustun 1-dək yerli və xarici bazarlara bu yataqda hasil olunan 74 milyard kubmetrə yaxın qaz, təxminən 18,8 milyon ton kondensat nəql edilib. Hazırda mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 29,5 milyon kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetr təşkil edir. Bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. Bu mərhələ çərçivəsində yataqdan ildə əlavə 16 milyard kubmetr qazın hasil olunacağı planlaşdırılır. Həmin həcmin 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Gürcüstan və Türkiyə üzərindən Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcəkdir. İlk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri həyata keçirilir. Cari ilin birinci yarısında “Şahdəniz-2” layihəsi üzrə işlər uğurla davam etdirilmişdir. Hazırda layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 80 faizə qədəri tamamlanmış və ilk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılmışdır.

Məlum olduğu kimi, bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” platformasının birinci dayaq blokunun dənizə yola salınmasına həsr olunmuş təntənəli mərasim keçirildi. Dövlət başçısı mərasimdə çıxış edərək bunu ölkə həyatında tarixi hadisə adlandırdı, “Şahdəniz-2” layihəsinin təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. “Şahdəniz” qazının Gürcüstan və Türkiyəyə artıq bir neçə ildir nəql olunduğunu nəzərə çatdıran Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, “Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu rol getdikcə artacaqdır”.

“Şahdəniz-2” Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Eyni zamanda bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində sualtı infrastruktur yaradılır. Bunun üçün hazırda “Xankəndi” adlı sualtı əməliyyatlar üzrə ixtisaslaşmış xüsusi gəmi tikilir. Gəmi Bakıda, SOCAR-ın yeni gəmiqayırma zavodunda inşa olunur. Zavod “Xankəndi” layihəsini 2017-ci ilin əvvəllərində tamamlamağı planlaşdırır. Yeri gəlmişkən, Xəzər hövzəsində ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı (sərnişin, sualtı tikinti, yanğınsöndürən, tanker və s. gəmiləri) gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində uğurla fəaliyyət göstərən bu zavod, həmçinin SOCAR-ın dənizdə neft-qaz əməliyyatlarının genişləndirilməsi məqsədilə inşa etdirdiyi müasir tələblərə cavab verən 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisində də fəal iştirak etmişdir. Dənizin 1000 metrədək dərinliklərində 12 min metr qazma gücünə malik qurğunun pantonlarının və üst göyərtələrinin inşası burada tikilib təhvil verilmişdir. Maliyyələşdirilməsini Dövlət Neft Fondu ilə birgə həyata keçirdiyimiz qurğunun tikintisi gələn ilin əvvəlində başa çatdırılacaq, bununla da Xəzərdə apardığımız qazma işləri daha da intensivləşdiriləcəkdir.

Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə tədarük olunması üçün mühüm addımlar atılmışdır. Hazırda biz dünyanın ən iri infrastruktur layihələrindən biri olan “Cənub qaz dəhlizi” layihəsini həyata keçiririk. Nəhəng bir zəncirdən ibarət “Cənub qaz dəhlizi” layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir. SOCAR bu böyük layihənin həyata keçirilməsində indiyə qədər neft və qaz kəmərlərinin inşasında qazandığı zəngin təcrübədən yararlanır. Enerji strategiyamız çərçivəsində qısa müddətdə yaradılmış ixrac neft və qaz kəmərləri sistemi Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatları ölkəmizdən müxtəlif marşrutlar üzrə 7 neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə Avrasiya regionunda mövcud olan analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin əsas elementlərindən biri kimi uğurla istismar edilir. Bütün bu kəmərlərin inşası və istismarı prosesində toplanmış zəngin təcrübə “Cənub qaz dəhlizi”nin yaradılmasında fəal iştirak etmək üçün SOCAR-ın əsaslandığı başlıca bazadır.

Prezident İlham Əliyev “Cənub qaz dəhlizi”ni “XXI əsrin layihəsi” adlandırmış, istehsalçı, tranzit və istehlakçı ölkələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədi ilə “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasını təsis etmişdir. Bu il Bakıda Məşvərət Şurasının ikinci iclası keçirildi və iştirakçı ölkələrin, Amerika Birləşmiş Ştatları və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələri iclasda iştirak etdilər. Bir daha layihənin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi olduğu bəyan edildi, onun həyata keçirilməsində Azərbaycanın səyləri dəstəkləndi, ölkəmizin aparıcı rolu bir daha vurğulandı. Bildirildi ki, daim öz enerji siyasətinə sadiq olan, bu sahədə əməkdaşlığı təşviq edən Azərbaycan enerji mənbələrinin şaxələndirilməsində regional və qlobal səviyyəli çox əhəmiyyətli enerji ixracatçısıdır.

“Cənub qaz dəhlizi” “Şahdəniz-2” də daxil olmaqla 4 əsas layihə üzrə reallaşdırılır. İlk növbədə, Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri genişləndirilir. 2006-cı ildə istismara verilmiş bu kəmərlə hazırda “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaqdır. Genişləndirmə layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin bütün marşrutu boyunca geniş vüsət alıb. Boruların düzülməsi, örtüklənməsi, xəndəyə endirilməsi, qaynaqlanması və s. işlər qrafikə uyğun olaraq davam edir. Kompressor stansiyalarında tikinti-quraşdırma işləri intensivləşib. Ölçmə stansiyasının tikintisi 36 faiz tamamlanıb və 2018-ci il üçün işlərin yekunlaşdırılması planına uyğun davam edir.

“Cənub qaz dəhlizi”nin birləşdirici həlqəsi olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP kəmərinə birləşərək “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcəkdir. Kəmərin ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyarda qədər artırılması imkanları da nəzərə alınmışdır. TANAP hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük investisiya layihəsidir. Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş bu kəmər boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında gerçəkləşdirilən ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaqdır. Cari ilin avqust ayına qədər layihə üzrə iş həcmi 31.4 faiz yerinə yetirilmişdir. Deyə bilərik ki, TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılmışdır və hazırda ikinci mərhələ üzrə işlər müvəffəqiyyətlə davam etdirilir.

“Cənub qaz dəhlizi”nin sonuncu seqmentini təşkil edəcək TAP kəmərinin təməli bu ilin mayında qoyuldu. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Albaniya ərazisindən keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qədər uzanacaq bu kəmərin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr həcmində nəzərdə tutulub. Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olduğu nəzərə alınaraq, “Cənub qaz dəhlizi” sistemi elə layihələndirilmişdir ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin, o cümlədən, TAP-ın ötürücülük gücü artırıla bilsin.

* * *

Azərbaycan dünya bazarında həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Neft emalı məhsullarımız hazırda ABŞ, İtaliya, Misir, Yunanıstan, İspaniya, Ukrayna, Vyetnam, neft-kimya məhsullarımız isə Çin, Hollandiya, Belçika, Bolqarıstan, Çexiya, Litva, BƏƏ, Qazaxıstan, Hindistan və b. ölkələrə ixrac olunur. Emal kompleksində mühərrik yanacaqları istehsalının artırılması, keyfiyyətin yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, kimya sənayesində müsbət dinamika müşahidə olunur, sahənin ümumi iqtisadi göstəriciləri yüksələn xətt üzrə inkişaf edir. Neft və neft-kimya məhsullarının keyfiyyətinə olan tələblər ildən-ilə artır. Emal proseslərinin yeniləşdirilməsi və optimallaşdırılması, ekoloji təmiz yanacaqların istehsalının genişləndirilməsi məsələləri olduqca aktualdır. Mövcud emal müəssisələrinin güclərindən daha səmərəli istifadə olunmaqla ölkənin yanacaq məhsulları ilə etibarlı təminatı, daxili və xarici bazarlar üçün “Avro-5” standartına cavab verən avtomobil benzinləri və dizel yanacağının istehsalı, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə Heydər Əliyev adına NEZ və “Azərikimya” İB-də geniş yenidənqurma və modernizasiya layihəsinə start verilmişdir. Layihə 2015-2020-ci illəri əhatə edir. Mərhələlər üzrə NEZ-də bitum qurğusu tikilib istifadəyə veriləcək, əvvəlcə “Avro-5” standartına cavab verən dizel, sonra isə benzin istehsalı ilə əlaqədar tədbirlər görüləcək, bir neçə yeni qurğu quraşdırılacaq, neft-kimya istehsalatının xammalla fasiləsiz təminatı həyata keçiriləcəkdir. Bu işlərə dünyanın bir çox aparıcı şirkətləri cəlb edilmişdir. Baza işləri başa çatmış, tələb olunan məlumatlar toplanmış, yeni qurğu və avadanlıqların yerləşdirilməsi planı hazırlanmış, torpaq və topoqrafik tədqiqat işləri yerinə yetirilmişdir. İstehsal gücü ildə 400 min ton olan yeni bitum qurğusunun inşasına hazırlıq işləri tamamlanmışdır. “Neftçilər Günü” ərəfəsində Prezident İlham Əliyev ulu öndərin adını şərəflə daşıyan neft emalı zavodunda olmuş, modernizasiya işlərinin gedişi ilə maraqlanmış və bitum qurğusunun təməlini qoymuşdur. Neft emalı və neft-kimya kompleksinin inkişafı üzrə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin həlli yolunda bütün qüvvələr səfərbər edilmişdir. Yenidənqurma ilə əlaqədar mühərrik yanacaqlarına və neft-kimya xammalına tələbatın fasiləsiz təminatı üçün bütün lazımi tədbirlər işlənib hazırlanmışdır.

“Azərikimya” İB-nin istehsalat sahələrinin yenidənqurma işləri də mərhələli şəkildə aparılır və 2020-ci ilə kimi tamamlanmalıdır. Proqrama əsasən,”EP-300” qurğusunda müxtəlif bölmələrin, digər qurğuların, yeni piroliz sobalarının inşası, kompressor və enerji bloklarının rekonstruksiyası, buxar generator kompleksinin modernləşdirilməsi və çox sayda infrastruktur işləri həyata keçiriləcək. Yenidənqurma layihəsi “SOCAR-Polimer”-in xammalla təminatı, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından böyük önəm daşıyır. H.Əliyev adına NEZ və “Azərikimya”da modernləşdirmə prosesləri ilə paralel olaraq müasir standartlara cavab verən Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (OGPC) yaradılması üzrə işlər də davam etdirilir.

Təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulmuş Sumqayıt Karbamid Zavodunda inşaat işlərinin 2017-ci ildə tamamlanması və müəssisənin 2018-ci ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulur. Müasir beynəlxalq standartlar əsasında inşa olunan bu müəssisədə gündəlik 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid istehsal ediləcək. Xammal kimi təbii qazdan istifadə ediləcək zavodda işlərin təxminən 78 faizi icra edilmişdir. Ölkəmizin azot gübrəsinə tələbatını ödəmək gücünə malik bu zavod kənd təsərrüfatının inkişafına və respublikamızda ərzaq proqramının həyata keçirilməsinə neftçilərin töhfəsi olacaqdır.

Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən SOCAR bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri ölkəmizin ümumi strateji inkişafına xidmət edir. Bu, SOCAR-ın bir neçə il bundan əvvəl götürdüyü investisiya portfelinin şaxələndirilməsi kursunun düzgünlüyünü göstərir. Hələ xam neftin qiyməti yüksək olduğu dövrdə biz sərmayələrimizi müxtəlif sahələrə yönəltmək qərarına gəldik. O vaxt neft şirkətləri sərmayələrini əsasən, hasilata, hətta işlənməsi çox baha başa gələn yataqların istismarına yatırmağa üstünlük verirdi. Risklərin azaldılması və səmərəliliyin yüksəldilməsi məqsədilə biz hasilatla yanaşı, neftin, qazın emalı və kimyası, nəqli və satışı üçün nəzərdə tutulan sərmayə layihələri həyata keçirir, müxtəlif istiqamətlərə üz tutur, yeni bazarlara çıxmağa çalışırdıq. Xam neftin qiymətinin aşağı düşdüyü hazırkı dövrdə neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi artmışdır. Türkiyədəki ən böyük aktivimiz olan Petkim Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. 2015-ci ildə təxminən 40 ölkəyə 485 milyon dollarlıq ixracat reallaşdıran və 210 milyon dollar həcmində xalis gəlir əldə edən bu nəhəng şirkət cari ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət gəlirlərini 235 faiz artırmışdır. Qeyd edim ki, bizim Türkiyədəki biznesimiz dünya maliyyə institutları tərəfindən maraqla izlənir və yüksək qiymətləndirilir. 2015-ci ildə “SOCAR Turkey Enerji A.Ş.”nin 13 faizlik səhmlərinin “Goldman Sachs” və “JP Morgan” tərəfindən 1,3 milyard dollar qiymətinə alınması da öz özlüyündə bu aktivlərin dəyər artımından xəbər verir.

İllik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodunun tikilməsində məqsəd, ilk növbədə, “Petkim”in xam maddəsi olan naftaya və dinamik inkişafda olan Türkiyə bazarına idxal edilən digər bir sıra neft məhsullarına tələbatı ödəməkdir. “STAR” qardaş ölkədə özəl sektorda həyata keçirilən ilk emal zavodu layihəsidir. Hazırda bu nəhəng layihə çərçivəsində tikinti işlərinin 48 faizi, ümumi işlərin (mühəndislik və satınalma daxil) isə 71 faizi tamamlanmışdır. Layihənin böyük əhəmiyyətini nəzərə alaraq, Türkiyə hökuməti layihəyə ölkə tarixində ilk dəfə olaraq Strateji İnvestisiyanın Təşviqi Sertifikatı vermişdir. Zavodun 2018-ci ildə istismara buraxılması planlaşdırılır.

Paralel olaraq Petkim yarımadasında 1,5 milyon TEU həcmində konteyner limanının inşası aparılır. Layihənin ilk mərhələsi artıq yekunlaşıb və əməliyyatçı şirkət olan APM Terminalsa təhvil verilmişdir. Egey bölgəsində ən böyük konteyner limanı olacaq bu obyektin tam şəkildə istismara verilməsi cari ilin sonlarına nəzərdə tutulur. Bunlardan başqa, Türkiyədə “SOCAR POWER” kimi energetika, “SOCAR FİBER” kimi telekommunikasiya, habelə “SOCAR Gaz Ticareti” layihələrini də həyata keçiririk. Əminik ki, bütün bu layihələrin gerçəkləşməsi nəticəsində “SOCAR-Türkiyə Enerji” tezlikə yalnız qardaş ölkənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika, konteyner, limançılıq və distribusiya şirkətlərindən birinə çevriləcəkdir.

SOCAR-ın strateji inkişaf trendləri arasında xarici bazarlarda fəaliyyətin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi və bu yolla məhsuldar iqtisadi əlaqələrin qurulması məsələləri mühüm yer tutur. Şirkətimiz son illərdə dünya enerji bazarına inamla daxil olmuşdur. Gürcüstandakı mühüm aktivimiz olan Kulevi “Black Sea” Terminalı bizə Qara dənizdə strateji mövqe qazandırmışdır. İldə 10 mln. ton neft və neft məhsullarının daşınmasına imkan verən bu terminal hazırda əhəmiyyətli neft həcmlərinin dünya bazarına nəqli istiqamətində böyük rola malikdir. Hazırda ümumi tutumu 348 min ton olan bu terminaldan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya mənşəli 19 adda xam neft, neft-qaz və neft-kimya məhsulu daşınır.

Bu gün Gürcüstanın qaz təchizatının və neft məhsulları bazarının da böyük qismini SOCAR təmin edir. “SOCAR Energy Georgia” MMC Gürcüstanın ən böyük vergi ödəyicisidir və hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95 faizinə nəzarət edir. 2009-2015-ci illər ərzində SOCAR-ın Gürcüstan bazarında qaz satışının həcmi təqribən 7 dəfə artmış, törəmə şirkətimiz tərəfindən ölkədə 5360 kilometr uzunluğunda qaz xətləri çəkilmiş, 209136 abonent qazlaşdırılmışdır. Qonşu ölkədə “SOCAR” brendi altında 116 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu isə Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının təxminən 25 faizi deməkdir. “SOCAR Energy Georgia” artıq neçə ildir ki, Gürcüstanda “ilin ən yaxşı şirkəti” adına layiq görülür.

2008-ci ildən Cenevrədə effektiv fəaliyyət göstərən “SOCAR Trading SA” şirkətimiz əsas etibarilə dünyanın Total, Exxon, ERG, İOC, Shell, Sunoco, Suncor, OMV, ENİ, Saras, BP, Glencore, Unipec, Bharat Petroleum Corporation Limited, PAZ və s. tanınmış neft şirkətlərinə və emal müəssisələrinə Azərbaycan mənşəli xam neftin satışı ilə məşğul olur. Hazırda Azərbaycan nefti ABŞ, Böyük Britaniya, Çin, Hindistan, İndoneziya, Kanada daxil olmaqla dünyanın 25-dən çox ölkəsinə ixrac olunur. Beynəlxalq konsaltinq şirkətlərinin rəyinə əsasən, “SOCAR Trading” Azərbaycan xam neftinin gəlirliyini bir barel üzrə 1,7 dollar artıraraq neftimizin dəyərini 2008-2013-cü illər ərzində 1,05 milyard dollar yüksəltmişdir. Şirkət qısa müddətdə dünya bazarında fəaliyyətini genişləndirmiş, London, Dubay, Hyuston, Kalqari, İstanbul, Qahirə və digər şəhərlərdə nümayəndəliklərini açmış, BƏƏ-də Fuceyra limanında neft terminalı və Maltada LNG terminalının inşası layihələrində uğurla iştirak etmişdir. Ötən il treyder şirkətimiz vasitəsi ilə dünya bazarında 253 milyon barel xam neftin, o cümlədən 166 milyon bareldən çox Azərbaycan mənşəli xam neftin və 14 milyon ton neft məhsullarının satışı həyata keçirilmişdir. Rumıniya və Ukraynanın pərakəndə neft məhsulları satışı bazarlarında da SOCAR uğurla çalışır. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanmışdır. Biz beynəlxalq bazarlarda iştirak payımızı və coğrafiyamızı bundan sonra da genişləndirməkdə maraqlıyıq.

* * *

Neftçilərin sosial-məişət məsələləri həmişə olduğu kimi diqqət mərkəzindədir. SOCAR bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında yaşayış mənzilləri ilə təmin edən yeganə şirkətdir. Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunmuşdur. 2010-cu ildə bu məqsədlə yaratdığımız “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışaraq, fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin etmişdir. Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır ki, onların da 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Bir neçə gün əvvəl, ənənəmizə sadiq qalaraq neftçilərin peşə bayramı münasibəti ilə Xətai rayonu M.Hadi küçəsində inşa olunmuş 9 mərtəbəli yeni bir yaşayış binasını da istifadəyə verdik. Daha 144 neftçi ailəsini mənzillə təmin etdik. Qeyd edim ki, SOCAR-da çalışan gənc mütəxəssislərdən, o cümlədən Təqaüd Proqramının məzunlarından 12 nəfəri də bu binada mənzil almışdır. Hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli 1, “Azərikimya” İB-nin əməkçiləri üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır. Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi də inşa olunacaqdır. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılmışdır. Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulur. SOCAR üzrə rayonlarda mənzil uçotunda olanların yaşayış sahələri ilə təmin olunması məqsədilə də mütəmadi olaraq tədbirlər görülür.

Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Ötən müddətdə bu sahədə böyük həcmdə iş görülüb. “SOCAR-ın qurumlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2016-2020-ci illər üçün Sosial-İnkişaf Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. “Azəriqaz” İB-nin Tərtər və Salyan Qaz İstismar Sahələrinin inzibati binaları tikilib istifadəyə verilmişdir, Yevlax QİS-in inzibati binasında son tamamlama işləri aparılır. “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda, Neft Kəmərləri İdarəsinin, Qaz İxrac İdarəsinin, Neftqaztikinti və Kompleks Qazma İşləri trestlərinin istehsalat bölümlərində işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti, təmir, təchizat işləri həyata keçirilmişdir. SOCAR-ın bütün istehsalat sahələrində, hətta ən ucqar məntəqələrdə yerləşən ekspedisiyalarda belə əməkdaşlara normal fəaliyyət şəraiti yaradılmış, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuşdur və bu iş qarşıdakı müddətdə də davam etdiriləcəkdir.

Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinə qayğı ilə yanaşılmış, onlara mütəmadi maddi yardım göstərilməsi davam etdirilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiklərindən didərgin düşmüş həmvətənlərimizin böyük bir hissəsi, Ağdamın “Dördyol”, Təzəkənd, İmamqulubəyli qəsəbələri, Tərtər rayonu, Füzulinin Mirzənağı, Əhmədalılar, Qazaxlar kəndlərində, Sumqayıtda məskunlaşmış 30 minə yaxın qaçqın və məcburi köçkün SOCAR-ın himayəsindədir. Onlar neftçilərin diqqət və qayğısı ilə əhatə olunurlar.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ilbəil daha geniş vüsət alan ətraf mühit və ekoloji tarazlığın qorunması proqramlarında SOCAR da yaxından iştirak edir. Şirkətin ekoloji siyasəti tullantısız istehsalı nəzərdə tutur. Əsas prioritetlərimiz neft-qaz yataqlarının işlənməsi, istismarı və emal zamanı lay sularının və səmt qazlarının idarə olunmasından, istilik effekti yaradan qazların azaldılmasından, neftlə çirklənmiş torpaqların təmizlənməsindən, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsindən ibarətdir. Neft-qaz əməliyyatlarında ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi və keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması məqsədilə şirkətimizin istismar etdiyi dəniz və quru yataqlarında davamlı olaraq ekoloji monitorinqlər həyata keçirilir.

Bu gün SOCAR-ın müasir tipli bir şirkət olaraq ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac var. Dövlət başçısının tapşırığına əsasən, şirkətin kadr potensialının müasir tələblərə uyğunlaşdırılması məqsədilə çoxşaxəli kadr hazırlığı proqramı müvəffəqiyyətlə icra olunur, neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. Müasir tələblərə cavab verən, geniş bilik və dünyagörüşünə malik kadrların hazırlığı bu gün də şirkətin prioritetlərindəndir. Gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrlar hazırlanması istiqamətində müxtəlif Təqaüd Proqramları həyata keçirilir. Xarici Təqaüd Proqramına indiyədək 268 gənc cəlb olunmuşdur. 2007-2016-cı illərdə 233 nəfər təqaüdçü artıq təhsillərini başa vuraraq vətənə qayıtmış, onlardan 189 nəfəri SOCAR-ın müvafiq idarə və müəssisələrində işə cəlb olunmuşdur.

Azərbaycanın zəngin tarixə və şanlı ənənələrə malik neft-qaz sənayesi əməkçiləri bu gün də öz sələfləri kimi xalqımıza ləyaqətlə xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni yüksəlişinə mühüm töhfələr verirlər. Xalqımızı əmin edirik ki, neftçilər bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olaraq vətənimizin tərəqqisi və daha işıqlı gələcəyi naminə əzmlə çalışacaqlar”.

1news.az

 

Paylaş:
1169

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər