Ankarada İsrail səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub – FOTO – VİDEO – YENİLƏNİB
Türkiyənin paytaxtı Ankarada İsrailin bu ölkədəki səfirliyinə hücum edilməsi ilə bağlı yeni faktlar açıqlanıb.
1news.az-ın milliyet.com.tr saytına istinadən verdiyi xəbərə görə, bıçaqla səfirliyin binasına daxil olmağa çalışarkən ayağından vurulan şəxsin Konyada anadan olan 1978-ci il təvəllüdlü Osman Nuri Çalışkan olduğu məlum olub. Onun yanında gətirdiyi çantanın isə boş olduğu deyilir.
Məsələ ilə bağlı açıqlama verən Ankara valiliyi tutulan şəxsin heç bir terror təşkilatı ilə bağlılığının olmadığı, eyni zamanda əqli qüsurlu olduğunu bildirib.
Hücumu gerçəkləşdirən Çalışkan isə ifadəsində atdığı addımı Yaxın Şərqdə tökülən qanı durdurmaq üçün etdiyini bildirib.
14:12
Türkiyənin paytaxtı Ankarada İsrailin bu ölkədəki səfirliyinə hücum olub.
1news.az-ın milliyet.com.tr saytına istinadən verdiyi xəbərə görə, naməlum şəxs səfirliyin binasına daxil olmağa çalışıb. Nəticədə silahlı qarşıdurma yaranıb və silahlı şəxs ayağından vurularaq zərərsizləşdirilib.
Bəzi saytlarda isə silahlı qarşıdurma zamanı bir nəfərin öldüyü barədə xəbərlər yayılıb.
Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Faktla bağlı araşdırmalara başlanıb.
1news.az