Bakıda “ADEX 2016” sərgisi başlayır
Bu gün 2-ci Azərbaycan Beynəlxalq Müdafiə ADEX 2016 sərgisi öz işinə başlayacaq.
1news.az-ın məlumatına görə, “ADEX-2016” sərgisində dünyanın 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.
Sərgiyə qatılacaq şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlərin adını qeyd etmək olar.
Tədbirə müşahidə olan böyük maraq nəzərə alınaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadılıb.
Bu il sərgidə müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Burada Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi fəal iştirak edir.
2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda məmulatla təmsil olunurdusa “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş etdirəcək.
Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.
Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir.
Sərgi öz işini sentyabrın 30-da yekunlaşdıəracaq.
1news.az