Gürcüstanın baş naziri: Targamadzenin maşınının partladılması təxribatdır
Gürcüstanın baş naziri Giorgi Kvirikashvili müxalifətdə olan Vahid Milli Hərəkat partiyasının deputatı Givi Targamadzenin maşınının Tbilisinin mərkəzində partladılmasını "oktyabrın 8-də baş tutacaq parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmaq üçün Gürcüstanın düşmənləri tərəfindən planlaşdırlmış təxribat" adlandırıb.
"Artıq araşdırma başlanıb və günahkarların tutulması üçün zəruri olan bütün tədbirlər görülür. Bu ağır cinayətdə yalnız ölkəmizdə azad və rahat seçki mühiti ilə barışa bilməyən qüvvə maraqlı ola bilər", Kvirikashvili bildirib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, baş nazir təxribatı təşkil edənlərə müraciətlə deyib ki, onlar mütləq qanunun ciddiliyi ilə cavab verəcəklər.
"Heç bir şəxsi digər ölkənin vətəndaşlığı və ya immuniteti qoruya bilməyəcək", - o əlavə edib.
Müxalifətdə olan millət vəkilinin olduğu maşınında partlayış zamanı 4 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı təhqiqat aparır.
Tarqamadze özü ciddi xəsarət almayıb. Onun sözlərinə görə, partlayış ofisindən maşınla evə qayıtdığı zaman baş verib, sükan arxasında isə onun sürücüsü oturub.
O həmçinin əmin olduğunu bildirib ki, Tbilisinin mərkəzində baş verən partlayış, distansion pultun köməyi ilə həyata keçirilib.
"Mən nə baş verdiyini dərhal başa düşmədim. Maşından çıxıb bir az özümüzə gəldikdən sonra gördük ki, maşının arxa hissəsi demək olar, parçalanıb. Buna görə, əminəm ki, partlayıcı maddə maşının arxa hissəsində yerləşdirilib.... Belə görünür ki, bizim maşının axrasınca digər maşın gəlirmiş və ordakılar qərar veriblər ki, partlayışı məhz bu yerdə həyata keçirməlidirlər", Targamadze jurnalistlərə müsahibəsində deyib.
O, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edib və hakimiyyətin hər hansı versiyasını yaymaq əvəzinə, bu hadisəni obyektiv araşdırmağı xahiş edib.
Oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə əsas rəqiblər hakim partiya "Gürcü arzusu" və müxalifət partiyası "Vahid milli hərəkat" hesab olunur.
Targamadze 2013-ci ildə Rusiyada qiyabi həbs edilib. Rusiya hakimiyyəti onu kütləvi iğtişaşlara hazırlığı maliyyələşdirməkdə, hətta 2012-ci il mayın 6-da "Milyonların Marşı" iştirakçıları ilə polis toqquşması zamanı Rusiya müxalifətçilərinə rəhbərlik etməkdə ittiham edib.
1news.az