Ərdoğan: Türkiyə enerji və qaz ticarəti mərkəzinə çevrilməyə çalışır
Türkiyə enerji və qaz ticarəti mərkəzinə çevrilmək üçün yeni investisiyaların astanasındadır, bu haqda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı bildirib:
“Bu ilin sonu və 2017-ci ildə bu sahəyə yatırım etmək üçün ciddi addımlar atacağıq. Məqsədimiz – təbii qaz ticarətində regionun bütün ölkələri üçün əlverişli tərəfdaş olmaqdır”.
Ərdoğan qeyd edib ki, zəngin karbohidrogen qaynaqlarına sahib olmaq təkbaşına zənginliyə, sabitliyə nail olmaq demək deyil:
“Afrikada və Orta Şərqdə biz bunu görürük. Hətta bu bölgələrdə yaşayan insanların çoxunun enerji təminatı sahəsində problemləri var”.
Ərdoğan bəyan edib ki, Türkiyə enerji ehtiyatlarının şaxələndirilməsinə başlayır. Eləcə də TANAP (Trans-Anadolu qaz kəməri) və TAP (TransAdriatik qaz kəməri) layihələri Azırbaycan qazının Xəzər dənizindən Avropaya nəqlinə imkan verəcək.
Türkiyə prezidenti İraq və Suriyaya maraqlarının əsas səbəblərindən birinin bu ölkələrdə fəaliyyət göstərən PKK və İŞİD terror təşkilatları olduğunu bildirib:
“Dünən Şəmdinlidə PKK terrorçularının törətdiyi terror aktı nəticəsində 18 əsgər və mülki şəxs həyatını itirib, bu gün onlar dəfn edilirlər. Bu, təhlükəsizlik qurumlarımızın mübarizəsi ilə küncə sıxılmış PKK-nın son cəhdləridir. Ancaq terror qlobal problem olduğu üçün dünyanın terrorla birgə mübarizəsi vacibdir. Türkiyənin İraq və Suriyada fəaliyyəti bir məcburiyyətdir. Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”.
Onun sözlərinə görə, Türkiyə nüvə enerjisinə də böyük əhəmiyyət verir:
“2010-cu ildə Türkiyə ilə Rusiya “Akkuya” AES layihəsi üzrə saziş imzalayıb. Həmçinin Yaponiya ilə “Sinop” AES-in tikintisi üzrə müqavilə imzalanıb. İstəyirik ki, daha bir AES-in tikintisini həyata keçirək”.
Türkiyə prezidenti vurğulayıb ki, energetik problemlər həll edilmədən siyasi və iqtisadi inkişafdan bəhs etmək olmaz:
“Məqsədimiz – Dünya Enerji Konqresini dünya energetikasının gələcək inkişafı ilə bağlı fikir mübadiləsi meydanına çevirməkdir. Eləcə də, dünyada sülh və ədalətin möhkəmlənməsi üçün enerji resursları vasitəçi olsun”.
1news.az