Naxçıvanda bal festivalı keçiriləcək
Oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, festivala muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, vərəmum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yoxlanılacaq və ilk üç yerə layiq görülən arıçılara qiymətli hədiyyələr veriləcək.
Bu gün muxtar respublikada təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq daha da çoxalıb. Arıçılığın inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib.
Təkcə ötən il muxtar respublikada 70 min 396 baş arı ailəsi mövcud olub, 1396 ton bal istehsal edilib. Bu da 1995-ci ildəki müvafiq göstəricini 14,5 dəfə üstələyir.
1news.az