Sumqayıtda “GəncSƏN-QalibSƏN” layihəsi həyata keçiriləcək
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu (GİDF) tərəfindən “GəncSƏN-QalibSƏN” layihəsi həyata keçiriləcək.
GİDF-dən 1news.az-a verilən məlumata əsasən, 6 ay davam edəcək layihə çərçivəsində şahmat, futbol və cüdo turnirlərinin keçirilməsi, eləcə də Sumqayıtlı gənclərlə bağlı ensiklopedik xarakterli nəşrin hazırlanması nəzərdə tutulur.
Layihə rəhbəri, GİDF-nin prezidenti Vüsal Məmmədov bildirib ki, Fond bundan öncə uğur qazanmış gənclərlə bağlı iki nəşr hazırlayıb:
“Bu kitablar 2000-2005 və 2006-2010-ci illəri əhatə edib. Bu buraxılışlarda müxtəlif sahələr üzrə ölkəmiqyaslı və beynəlxalq yarışlarda, müsabiqələrdə uğur qazanmış, ölkəmizi layiqincə təmsil etmiş gənclər barədə bioqrafik xarakterli məlumatlar yer alıb. Hazırda çapa hazırlanan kitabda da 2011-2015-ci illərdə uğur qazanmış sumqayıtlı gənclər barədə məlumatlar əksini tapacaq”.
1news.az