“Yoxlamaların sayı azaldığı üçün vergidən yayınma hallarına yol verilir” – Nazirlik
“Bəzi hallarda yoxlamaların sayının azaldılmasından sui-istifadə nəticəsində vergidən yayınma hallarına yol verilir”.
1news.az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.
Onun sözlərinə görə, bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirə bilmədiklərinə görə vergi qanunvericiliyinin pozulması hallarına hələ də rast gəlinir.
T.Quliyev deyib ki, bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi, gəlir və xərclərinin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin həyata keçirilməməsi zamanı baş verir.
İdarə rəisi məlumat verib ki, bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib:
“Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb”.
1news.az