İmişli rayonunun daha iki kəndinə təbii qaz verilib
Oktyabrın 19-da İmişli rayonun Soltanmuradlı və Ölcələr kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 261 abonenti olan Soltanmuradlı və Ölcələr kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 27059 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Qeyd edək ki, hazırda İmişli rayonunun daha 11 kəndində (Nurulu, Bəcirəvan, Ağcüyür, Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
1news.az