Xocalı soyqırımı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən “AĞRI” romanının təqdimatı keçirilib
Noyabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda israilli müəlliflər Əmir və Arye Qutun rus dilində birgə yazdıqları “AĞRI” (“Bol”) romanının təqdimatı keçirilib.
Kitab Təl-Əvivin “Medial” nəşriyyatında İsrailin “YR” şirkətinin dəstəyi ilə çapdan çıxıb.
Tədbirdə çıxış edən həmmüəllif, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut kitabın ilk təqdimatının Bakıda keçirilməsindən qürur duyduğunu söyləyib. Vurğulayıb ki, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən bu kitabın dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir.
Kitabın elmi redaktoru və nəşrə ön sözün müəllifi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva bildirib ki, “AĞRI” romanında, demək olar, Xocalının bütün dəhşətləri müəlliflər və onların danışdırdıqları şahidlər tərəfindən əhatə edilib. Burada bəzən faktlar verilsə də, ayrı-ayrı insanların söylədikləri qələmə alınsa da, bütünlükdə bu, tarixi bir romandır. Ümumilikdə 60 fəsildən ibarət 480 səhifəlik kitabda səlis dildə yazılmış məqalələr birnəfəsə oxunur.
M.Əliyeva vurğulayıb ki, kitabın müəllifləri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda böyük işlər görüblər.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bədii dillə yazılmış bu romanın ölkəmizin haqq səsinin dünyaya yayılması işində əhəmiyyəti var. O, əsərin gələcəkdə tarixi mənbə olacağını diqqətə çatdırıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov kitabın rus dilində yazılmasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, indiyə qədər sübut edə bilmədiyimiz bir həqiqət - Qafqaza, əsasən də Azərbaycana ermənilərin 1828-ci ildən etibarən köçürülməsi və bunun çar siyasətinin tərkib hissəsi olması kitabda öz əksini tapıb.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, şair Fəxrəddin Meydanlı və başqaları dünyada multikultruralizmin, tolerantlığın Vətəni olan Azərbaycanda törədilən Xocalı soyqırımının ağrısını rusdilli oxuculara çatdıran müəlliflərə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir edirlər, bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərini ifşa edirlər.
Çıxış edənlər 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, ölkəmizdə yaşayan bütün xalqlara hörmət, ehtiram göstərildiyini, Ermənistanda isə qeyri-millətlərdən bir nümayəndənin belə yaşamadığını vurğulayıblar.
Tədirdə kitabın ingilis dilinə tərcümə edilərək dünya oxucularına çatdırılmasının önəmi qeyd olunub.
Sonda kitabın həmmüəllifi Əmir Qut tədbir iştirakçılarına təşəkkürünü bildirib, kitabları imzası ilə oxuculara təqdim edib.
AZƏRTAC