Rio de Janeyroda Azərbaycan adına bələdiyyə məktəbində şahmat turniri keçirilib – FOTO
Azərbaycanın Braziliyadakı Səfirliyinin dəstəyi ilə Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Azərbaycan adına bələdiyyə məktəbinin şagirdləri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.
1news.az-a Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən verilən xəbərə görə,
2016-cı ilin 18 noyabr tarixində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov sözügedən turnirin qaliblərinə dəyərli mükafatlar təqdim edib.
Tədbirdə çıxış edən səfir E.Sultanov bu ilin 18 oktyabr tarixində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyi barədə məlumat verib. Sonra o, ölkəmizin şahmat ənənələri haqqında danışaraq, bu ilin 1-14 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş 42-ci Ümümdünya Şahmat Olimpiadasının əhəmiyyətini vurğulayıb.
Səfir Azərbaycan adına bələdiyyə məktəbində şahmat turnirinin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib və bunun həm şagirdlərin Azərbaycan haqqında biliklərinin, həm də onların şahmata olan marağın artmasına xidmət edəcəyinə əminliyini vurğulayıb.
Sonra məktəbin direktoru Fabio Milioni şahmat yarışının təşkil edilməsində göstərdiyi dəstəyə və ümumilikdə məktəbə göstərilən diqqətə, burada müxtəlif layihələrin uğurla həyata keçirilməsinə görə səfir E.Sultanova dərin təşəkkürünü bildirib.
O, belə tədbirlərin şagirdlərin Azərbaycan haqqında biliklərinin artmasına xidmət etdiyini bildirərək, gələcəkdə bu kimi layihələrin keçirilməsində marağını ifadə edib.
1news.az