Azərbaycan Həndbol Federasiyasına yeni prezident seçilib
Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilat məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib.
1news.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Ç.Hüseynzadə bildirib ki, keçmiş SSRİ-də çox böyük uğurları olan həndbol bu uğurlardan kənar qalıb. Bu səbəbdən, MOK rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsinə qərar verib. Daha sonra o, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovu təqdim edib.
S.Məmmədov səsvermə yolu ilə AHF prezidenti seçilib.
Qeyd edək ki, əvvəlki federasiya prezidenti Heydər Babayev öz istəyi ilə bu vəzifədən kənarlaşdırılması üçün ərizə yazıb.
1news.az