Strateji Yol Xəritəsi avropalı diplomatlara təqdim olunub - FOTO
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş milli iqtisadiyyatın strateji yol xəritələri Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirlərinə təqdim olunub.
1news.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu, qurumun icraçı direktoru Vüsal Qasımlının Avropa İttifaqının Azərbaycan nümayəndəliyində avropalı diplomatlarla keçirilən görüşündə baş tutub.
Görüşdə xüsusi vurğulanıb ki, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının qlobal və regional çağırışlara cavab verməsinə hesablanıb. Strateji Yol Xəritəsində biznes mühitinin inkişafı, dövlət müəssisələrinin idarə edilməsinin səmərəliliyinin artırılması, monetar və fiskal siyasətin yeni dövrün tələbinə uyğunlaşdırılması sahəsində suallara toxunulub.
Avropalı səfirlər, xüsusilə, turizm, maliyyə-bank, kənd təsərrüfatı, sənaye sahəsində aparılacaq işlərlə maraqlanıblar.
V.Qasımlı sonda avropalı diplomatların Strateji Yol Xəritəsi ilə bağlı suallarına aydınlıq gətirib.
1news.az