Seyid Camal Əzimbəyli: Ruhaninin Ermənistana səfəri həqarətdir
“İran rəsmiləri Azərbaycanın daxili işinə qarışmadan öncə torpaqlarımızı işğal edən, məscidlərimizi təhqir edən Ermənistanla hansı haqla əməkdaşlıq etdikləri barədə düşünsünlər”.
1news.az xəbər verir ki, bunu Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı xəbəri şərh edərkən bildirib:
İran Azərbaycanın inkişafından narahatdır
C.Əzimbəyli deyib ki, İranın bir sıra rəsmi şəxsləri Azərbaycanın xarici ölkələrlə qurduğu münasibətlərin inkişaf etməsindən narahatdırlar və hesab edirlər ki, guya digər ölkələrlə münasibətlər qurması Azərbaycanda dini dəyərlərə xələr gətirir:
“Bu tamamilə yalandır. Azərbaycan dünyəvi ölkə olmaqla yanaşı, dini tolerantlıq da ən yüksək səviyyədədir. İran rəsmiləri Azərbaycanda dövlət-din münasibətlərinin korlanmasına yönəlmiş hərəkətlər və çağırışlar edirlər. Bu yolverilməzdir. Bəs Qarabağla bağlı niyə çağırışlar etmirlər?! Xocalıda soyqırım törədən Ermənistanla niyə əməkdaşlıq edirlər?! Amma Azərbaycanın daxili işlərinə qarışırlar. Burada məqsəd nədir?”
Düşmənimizə dost münasibət nədən xəbər verir?
Şərqşünasın sözlərinə görə, İran prezidentinin Azərbaycanın torpaqlarını işğal edən düşmən ölkənin lideri ilə görüşə yollanması heç bir prinsipə sığmır:
“Azərbaycana qarşı əsrlərdir düşmənçilik edən, Azərbaycanın torpaqlarını işğal edən düşmən ölkənin lideri ilə görüşə getmək nə dinin, nə peyğəmbərimizin, nə də onun pak əhli-beytinin prinsipləri ilə bir araya gəlmir. Azərbaycanı başqa ölkələrin rəsmiləri ilə görüşdə ittiham edən Ruhani hakimiyyətinin Xocalı kimi faciənin səbəbkarı olan və bu gün də Azərbaycan torpaqlarını işğalda saxlayan, Azərbaycanın müqəddəs əhli-beyt mənsublarının məzarları üzərində donuz otaran bir ölkəyə getməsi həqarətdir”.
Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər
Camal Əzimbəyli vurğulayıb ki, xarici dövlətlərlə qurulan və ölkəmizin inkişafı üçün faydalı olan ikitərəfli münasibətlər müstəqil bir ölkə kimi Azərbaycanın daxili işidir və hər hansı dövlətin buna qarışmağa haqqı yoxdur:
“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri də ölkəmizin daxili işidir və buna Azərbaycan dövləti qərar verir.
Azərbaycanda istər millətlərarası, istərsə də dinlərarası tolerantlıq bütün dünyaya nümunə olacaq səviyyədədir. Bundan da təbii ki, bəzi ölkələrdə narahatlıq keçirənlər var və onlar Azərbaycanda baş verən inkişafı görməməyə çalışırlar”.
Məlumat üçün bildirək ki, Ruhani dekabrın 21-də Ermənistanda səfərdə olacaq. O, səfər çərçivəsində erməni həmkarı Serj Sarkisyanla görüşərək münasibətlərin ikitərəfli inkişafını müzakirə edəcək. Bununla yanaşı, hər iki ölkənin biznes nümayəndələri Tehran və İrəvan arasında ticarət əlaqələrini də müzakirə edəcək.
1news.az