Prezident yanında Gənclər Fondu 5 yaşını qeyd edir
Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.
Fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq istənilən kəs istəniən layihələrlə Fonda rəsmi saytı vasitəsilə müraciət edə bilər - www.youthfoundation.az.
Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda 7098 layihə daxil olub. Onlardan 3341-i dəstəklənib. Həmin layihələrin 94-ü beynəlxalq layihələrdir. Onlardan 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilib.
Gənclər və idman naziri Azad Rəhimov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müasir Azərbaycanda gənclər siyasətinin yeni istiqamətlərinin müəyyən olunduğunu, qısa müddətdə bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Nazir deyib ki, Azərbaycanın gənclər siyasəti dünyada nümunə təşkil edir. Bu siyasət BMT və digər beynəlxalq təşkilatlar tərəfindən bir model kimi qəbul olunur. Bu müddətdə ölkəmizdə bir çox beynəlxalq forumlar və konfranslar keçirilib, Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramı imzalanıb və böyük uğurla reallaşdırılıb. Dövlətimizin başçısı tərəfindən gənclər mükafatı təsis olunub və qaliblərə təqdim edilir.
Gənclər siyasətinin uğurla həyata keçirilməsində Fondun rolunu xüsusi qeyd edən A.Rəhimov bildirib ki, bu qurum mühüm və maraqlı layihələr həyata keçirib. Beş il az müddət olsa da, bu dövr ərzində Fond böyük işlər görüb.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Gənclər Fondunun yaradılmasının beşinci ildönümünün mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, beş il ərzində ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində, gənclərlə işin intensivləşdirilməsində, eləcə də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticələrinin əldə olunmasında Fondun mühüm rolu var.
Ölkəmizdə gənclər siyasətinin formalaşması və həyata keçirilməsi barədə məlumat verən Əli Həsənov deyib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasətinin formalaşması, bu siyasətin konsepsiyasının təməl prinsiplərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə qarşısında duran taleyüklü məsələlər sırasına gənclər siyasətini də əlavə etdi. Müstəqilliyin əvvəllərində Azərbaycanda dövlətə və dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Həmin qüvvələr gəncləri ayrı-ayrı düşərgələrə bölərək, onları hakimiyyət uğrunda mübarizəyə, müxtəlif ambisiyaların həyata keçirilməsinə cəlb etmişdilər. Belə bir dövrdə - 1993-cü ildə Ümummilli Lider Azərbaycanın xilası konsepsiyasına gənclər siyasətini də əlavə etdi. Təsadüfi deyil ki, 1994-cü ildə Ulu Öndərin yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu. Həmin dövrdən Azərbaycanda gənclər siyasəti formalaşdırıldı, 1996-cı ildən etibarən hər il Azərbaycan gənclərinin forumu keçirildi, gənclər siyasətində əsas prinsipləri, həyata keçirilməsi mexanizmləri müəyyən olundu və icra edildi.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, sonrakı dövrdə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi yüksək qayğı göstərərək, bu sahənin önəmini daha da artırıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki Dövlət Proqramının qəbul olunması, gənclər siyasətinin həyata keçirilməsi məqsədilə Gənclər Fondunun yaradılması bu sahəyə verilən yüksək diqqətin göstəricisidir.
Sonra Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər çıxış edərək Fondun fəaliyyətini yüksək qiymətləndiriblər.
1news.az