İlham Əliyev: “Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhrandan çıxış yolu tapılıb”
“2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb”.
1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı deyib ki, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb:
“Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə inamlı inkişafını davam etdirib, təhlükəsizlik təmin olunub. Xalqımız sülh və əminamanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”.
Prezident İlham Əliyev bildirib ki, ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib:
“Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik və inkişaf yolu ilə gedir. Biz çalışmışıq, bundan sonra da çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur”.
1news.az