Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır

Qafar Ağayev18:45 - Bu gün
Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır

“Gürcüstan Azərbaycan üçün yaxın qonşu, dost və strateji tərəfdaş ölkədir”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, iki ölkə arasında münasibətlər qədim tarixə, xalqlarımız arasında əlaqələr isə möhkəm dostluq və qardaşlıq ənənələrinə əsaslanır.

“Azərbaycan və Gürcüstan arasında yaxın qonşuluq və qardaşlıq münasibətləri hər zaman qarşılıqlı hörmət və etimada əsaslanıb. Bu gün də həmin münasibətlər müsbət istiqamətdə sürətlə inkişaf edir”.

Ceyhun Bayramov qeyd edib ki, görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, Cənubi Qafqazda mövcud vəziyyət, regional proseslər və beynəlxalq gündəlikdəki məsələlər müzakirə olunub.

O, Azərbaycan-Gürcüstan siyasi dialoqunun ən yüksək səviyyədə olduğunu vurğulayaraq son dövrdə baş tutan qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşləri xatırladıb.

“2026-cı ilin aprel ayında cənab Prezidentin Gürcüstana rəsmi səfəri, may ayında Gürcüstanın Baş nazirinin ölkəmizə işgüzar səfəri, ötən ay isə iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə iqtisadi əməkdaşlıq üzrə komissiyanın iclasının keçirilməsi münasibətlərimizin intensivliyini göstərir”.

Nazir xarici işlər nazirlikləri arasında müntəzəm təmasların və siyasi məsləhətləşmələrin də davam etdiyini bildirib.

“Xarici işlər nazirlikləri arasında intensiv və müntəzəm təmaslar mövcuddur. Bu günlərdə Bakıda nazirliklərin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilib. Bu prosesi müntəzəm şəkildə davam etdirmək barədə qarşılıqlı razılığımız var”.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər