Ceyhun Bayramov: Azərbaycan Gürcüstana 4 milyard dollardan artıq investisiya yatırıb

“Azərbaycanla Gürcüstan arasında bu ilin ilk 9 ayında ticarət dövriyyəsi 900 milyon ABŞ dolları təşkil edib”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, cari ilin 9 ayında qeydə alınan ticarət dövriyyəsi ötən ilin bütöv göstəricisini üstələyib. Bununla belə, mövcud iqtisadi potensialın əldə olunan nəticələrdən daha yüksək olduğunu vurğulayıb.
“Azərbaycanla Gürcüstan arasında ticarət-iqtisadi əlaqələr barədə danışmaq imkanımız olub. Bu ilin ilk 9 ayında ticarət dövriyyəsi ötən ilin 12 ayının göstəricisini artıq üstələyib. Bununla belə, mövcud potensial əldə etdiyimiz nəticələrdən daha böyükdür”, – deyə Ceyhun Bayramov bildirib.
XİN rəhbərinin sözlərinə görə, Azərbaycan Gürcüstan iqtisadiyyatına 4 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Bu məbləğin 2,1 milyard dolları SOCAR-ın payına düşür. Gürcüstan tərəfindən isə Azərbaycan iqtisadiyyatına 460 milyon ABŞ dolları investisiya qoyulub.
Nazir ötən ay iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının keçirildiyini də xatırladıb.











