Lüksemburq kosmik sahədə Azərbaycanla əməkdaşlığa hazırdır
Prezident İlham Əliyevin Davosda ikitərəfli görüşləri davam edir.
1news.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb.
Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Lüksemburq ilə Azərbaycan arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu deyən Ksavyer Bettel ölkəsində İKT, kosmik sənaye, bank və maliyyə sahələrinin inkişaf etdiyini, bu sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını dedi.
Prezident İlham Əliyev Azərbaycanın müxtəlif sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda da İKT-nin inkişafına xüsusi diqqət ayrıldığını, hökumətin bu sahəyə böyük investisiyalar yatırdığını bildirdi. Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.
Söhbət zamanı qarşılıqlı investisiya, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
1news.az