Bakı-Moskva arasında kruiz səfərləri reallaşa bilərmi? – Ekspertdən AÇIQLAMA

Rusiya ilə Azərbaycan arasında Bakı-Moskva marşrutu üzrə kruiz gəmi səfərlərinin təşkili ilə bağlı məlumatlar gündəmə gəlib.
Lakin Xəzər dənizinin dayazlaşması, mövsümi hava şəraiti və təhlükəsizlik məsələləri bu layihənin reallaşmasını sual altına qoyur.
1news.az xəbər verir ki, bir neçə gün əvvəl Bakı ilə Moskva arasında yaxın vaxtlarda kruiz əlaqəsinin yaradılmasının planlaşdırıldığı barədə məlumat yayılıb.
Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov məlumat verib.
Onun sözlərinə görə, səfərin müddəti orta hesabla 14 gün təşkil edəcək. Bunun yeddi günü Bakıdan Moskvaya, digər yeddi günü isə əks istiqamətə səyahətə sərf olunacaq.
Xakimov bildirib ki, söhbət “lüks” sinifli kruiz gəmisindən gedir. Layihəyə dövlət dəstəyi də nəzərdə tutulub. Belə ki, gəminin tikintisi Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiyalaşdırılır.
Məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər belə bir səyahət imkanının yaranmasına sevindiklərini bildirsələr də, digərləri kruiz gəmisinin Moskvaya hansı marşrutla çatacağını sual edərək layihənin texniki baxımdan mümkün olmadığını iddia ediblər.
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, 2019-cu ildə də Xəzər və Qara dəniz arasında kruiz səfərlərinin təşkili ilə bağlı oxşar məlumat yayılmışdı.
Ekspertin sözlərinə görə, həmin vaxt Xəzər-Qara dəniz marşrutu üzrə kruiz gəmilərinin Volqa-Don kanalı vasitəsilə hərəkət etməsi və daha sonra Xəzəryanı şəhərlər arasında səfərlər həyata keçirməsi planlaşdırılırdı. İndi isə Bakı ilə Moskva arasında yeddi günlük kruiz səfərlərinin təşkili barədə yeni məlumat yayılıb.
Rauf Ağamirzəyev qeyd edib ki, belə bir layihənin reallaşması üçün bir sıra ciddi maneələr aradan qaldırılmalıdır:
“Burada bir neçə vacib məqam var. İlk növbədə, Xəzər dənizinin dayazlaşması problemi ən çox onun şimal sahillərində, yəni Rusiya sahillərində hiss olunur. Həmin ərazilərdə dərinləşdirmə işləri aparılmalıdır. Bundan əlavə, Volqa-Don kanalında və Volqa çayının mənsəbində də müvafiq işlərə ehtiyac var.
İkinci məqam ondan ibarətdir ki, Xəzərin şimal hissəsi daha dayaz olduğundan həmin ərazilər qış aylarında daha tez donur. Bu isə o deməkdir ki, layihə reallaşarsa, yalnız mövsümi xarakter daşıya bilər”, - deyə ekspert bildirib.
Rauf Ağamirzəyevin sözlərinə görə, üçüncü və ən vacib məsələlərdən biri də təhlükəsizliklə bağlıdır. Belə ki, son bir ildə Rusiya sahillərində gəmilərin pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalması ilə bağlı insidentlər qeydə alınıb.
“Düşünürəm ki, bütün bu problemlər öz həllini tapmalıdır. Yalnız bundan sonra, bəlkə də gələcəkdə layihənin fəaliyyətə başlaması mümkün olar. Hazırkı vəziyyətdə isə bu təşəbbüs real görünmür”, - deyə o vurğulayıb.
Ekspert eyni zamanda Xəzər dənizində şərq-qərb istiqamətində sərnişindaşımaların inkişaf etdirilməsinin tamamilə mümkün olduğunu və bunun insanlar üçün ciddi alternativ yarada biləcəyini bildirib.
“Hazırda Qazaxıstana hava nəqliyyatı ilə getmək, həmçinin bərə vasitəsilə yükdaşımalar həyata keçirmək mümkündür. Bəzi gəmilər sərnişin daşımaq imkanına da malikdir. Lakin şəhərin mərkəzindən, məsələn, Bakı bulvarından və ya Dəniz Vağzalından birbaşa Aktauya sərnişin əlaqəsi yaradılsa, bu, yaxşı olardı.
Həmçinin hava şəraiti ilə bağlı riskləri nəzərə alsaq, şəhər daxilindən yola düşmək müəyyən üstünlüklər yarada bilər. Hava şəraiti ilə əlaqədar problem yaranarsa, həm Bakıda, həm də Aktau şəhərində gecələmək üçün hotellər, hostellər və digər imkanlar mövcuddur”, - deyə ekspert izah edib.
Rauf Ağamirzəyev bildirib ki, hazırda əsasən yük gəmiləri Ələt limanından hərəkət edir. Lakin limanın şəhərdən müəyyən qədər uzaqda yerləşməsi turizm baxımından bu marşrutun cəlbediciliyini azalda bilər.
Ekspert Türkmənistanın da gələcəkdə bu istiqamətdə potensialını artırdığını diqqətə çatdırıb. Onun fikrincə, Türkmənistanla sərnişin əlaqələrinin qurulması üçün viza rejimi və digər məsələlər də həllini tapmalıdır.
“Türkmənistanda Türkmənbaşı şəhərinin bir qədər şimalında yerləşən Avaza kurort zonası kimi böyük turizm məkanı var. Bizdə isə Bakı bulvarı mövcuddur, gələcəkdə Sea Breeze də turizm istiqamətlərindən birinə çevrilə bilər. Buna görə də belə marşrutları perspektivdə nəzərdən keçirmək olar. Məncə, bu istiqamətlər daha real görünür”, - deyə o qeyd edib.
Rauf Ağamirzəyev əlavə edib ki, Xəzərdə sərnişin daşımalarının təşkili zamanı həm mövsümi amillər, həm də gündəlik hava şəraiti nəzərə alınmalıdır. Belə ki, Xəzər dənizində il ərzində təxminən 90 gün küləkli hava müşahidə olunur. Lakin bu, həmin günlərin hamısında dəniz nəqliyyatının tamamilə dayanması demək deyil.
“Bəzi hallarda hava şəraitinə görə gecikmələr bir neçə saat davam edir və bundan sonra hərəkət bərpa olunur. Nəqliyyat əlaqəsinin tam dayandırılması isə yalnız müəyyən günlərdə baş verir. Yəni qrafikdə dəyişikliklər ola bilər, amma daşımaları təşkil etmək mümkündür.
Mən şərq-qərb istiqamətində marşrutu daha real hesab edirəm. Kruiz gəmilərinə gəlincə, qeyd etdiyim problemlər öz həllini tapmalıdır”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Beləliklə, Azərbaycanla Rusiya arasında dəniz turizminin inkişafı ideyası maraq doğursa da, Bakı-Moskva kruiz marşrutunun yaxın perspektivdə reallaşması bir sıra texniki, təhlükəsizlik və təbii maneələrlə üzləşir. Hələlik isə Xəzərdə şərq-qərb istiqamətində, xüsusilə Bakı-Aktau marşrutu üzrə sərnişin daşımalarının inkişafı daha real və perspektivli görünür.







