Keçən il havanı çirkləndirənlərə qarşı 120 akt və 51 protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 120 akt və 51 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 24 müddətli “məcburi göstəriş” verilib. 59 iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 1 iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb, 1386 iş üzrə 329620,46 manat məbləğində ödəmə tətbiq edilib.
İcra qruplarına göndərilən 29 işdən 16-na, hüquq-mühafizə orqanlarına göndərilən 10 işdən 5-nə və məhkəmələrə göndərilən 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.
1news.az